Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Unikal.org-a verilən məlumata görə, iclasın gündəliyində Komissiyanın təşkilati məsələlərinin, o cümlədən 2017-ci il üçün iş planının, reqlamentinin, embleminin və üzvlük vəsiqəsi formasının layihələrinin müzakirəsi yer alıb.

İclası giriş sözü ilə açan Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan makroiqtisadi sabitlik və inkişaf proseslərinin sosial-iqtisadi məsələlərin həlli yönündə mühüm addımların atılması, əmək və sosial müdafə sisteminin təkmilləşdirilməsi ilə müşahidə olunduğunu vurğulayıb: "Bu sahədə, xüsusən sosial-əmək münasibətləri sahəsində islahatların reallaşdırılmasında sosial tərəfdaşların - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə səmərəli fəaliyyəti xüsusi önəm kəsb edir. 2016-cı ilin sentyabrında hər üç qurumun nümayəndələrindən ibarət olmaqla Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması ölkəmizdə ümumən sosial-iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsinə öz töhfəsini verə bilən fəal sosial partnyorluq sisteminin formalaşmasına imkan yaradıb.

S.Müslümov əmək və sosial müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırda mühüm işlərin aparıldığını qeyd edib: "Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətinin bir istiqaməti bu sahə üzrə hazırlanan yeni normativ-hüquqi aktların layihələrinin geniş müzakirəsi, rəy və təkliflər əsasında onların təkmilləşdirilməsidir. Bununla əlaqədar Komissiyanın cari il üçün iş planında "İşsizlikdən sığorta haqqında, "Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi haqqında, "Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında, "İşəgötürənlər birlikləri haqqında qanunların layihələrinin, Nazirlər Kabinetinin "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında qərar layihəsinin və s. müzakirəsi yer alıb. Həmçinin bu il ərzində "Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın layihəsinin də Komissiya tərəfindən müzakirəsi nəzərdə tutulur.

Nazir bildirib ki, ümumiyyətlə, əmək və sosial müdafiə sahəsində hər bir yeni qanunvericilik layihəsi sosial dialoq şəraitində müzakirə olunmaq üçün Komissiyanın iclaslarına çıxarılacaq. Bu da müvafiq sahədə hüquqi bazanın inkişaf etdirilməsində sosial partnyorların iştirakını daha da genişləndirməyə və onların imkanlarından maksimum istifadəyə yönəlib: "Hazırda Beynəlxalq Əmək Təşkilatının gündəliyində dayanan aktual məsələlərdən biri də iş yerlərində müasir texnologiyaların tətbiqinin getdikcə genişləndiyi və bu səbəbdən işçi qüvvəsinə tələbin azalmaqda olduğu şəraitdə əməyin gələcəyinin necə olacağıdır. 28 Aprel-Beynəlxalq Əməyin Mühafizəsi günü ərəfəsində bizim də belə bir mövzuda, yəni "Əməyin gələcək sferası mövzusunda sosial tərəfdaşlarla birgə müzakirələr aparmağımız məqsədəuyğun olar.

İclasda bir sıra dəyişikliklər nəzərə alınmaqla Komissiyanın 2017-ci il üçün iş planı, habelə üzvlük vəsiqəsi forması səs vermə əsasında qəbul edilib. Komissiyanın reqlamenti və embleminin isə iştirakçılar tərəfindən verilən təkliflər əsasında təkmilləşdirilərək yenidən müzakirəyə çıxarılması qərara alınıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının hər birindən 5 nümayəndə təmsil olunur