2004-2015-ci illərdə "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun həbs olunmaq ehtimalı var.

Unikal.org xəbər verir ki, bunu "Yeni Müsavat yazıb. Qəzet bildirir ki, QSC-yə rəhbərlik etdiyi vaxt böyük maliyyə qalmaqalı üzündən 2013-cü ildə onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı.

Həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, "Liman Group şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Məsələ mətbuatda hallanmağa başlayan kimi A.Əsgərov oğlunu xaricə göndərdi. Beləliklə, əsas fiqur hadisələrdən kənarda qala bildi. Əvəzində Rahib Hüseynov və qardaşı etmədikləri qanunsuzluqlara görə həbsdə qaldılar.

İş üzrə 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət ediblər. Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri isə maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialar idi. Arif Əsgərovun və oğlunun cinayət məsuliyyətinə cəlb edilməməsi o dövrlərdə hər kəsi maraqlandıran suallardan idi. Arif Əsgərovun Ziya Məmmədovla yaxın münasibətlərinin olduğu da bilinirdi.

İllərlə uzanan istintaqdan yayınmağı bacaran A.Əsgərov 2015-ci ildə ölkə prezidentinin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edildi. Bununla da A.Əsgərov 2 il öncə mümkün həbsdən canını birtəhər qurtara bildi.

Hazırda isə özünün ən güclü himayəçisini itirmiş, vəzifədən məhrum olmuş Arif Əsgərovun aqibəti yaxşı görünmür. Onu həbs etmək üçün kifayət qədər əsas da var. Ata-oğul Əsgərovların ayağında 48 milyon oğurluq var. Təkcə bu faktı qurdalamaqla A.Əsgərovu qandallamaq mümkündür.

Bu arada, Rahib Hüseynovun həbs edildiyi cinayət işində "Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin sabiq sədri Arif Əsgərovun köməkçisi və həmyerlisi İlqar Məmmədov və "DəmirBank ASC-nin Mərkəz filialının müdiri Müşfiq Tükanovun da adı çəkilirdi. Müşfiq Tükanovdan əvvəl həmin filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub.

İlqar Məmmədov A.Əsgərova köməkçi təyin olunandan sonra onu Müşfiq Tükanov əvəzləmişdi. Onun Mərkəz filialındakı xidməti otağında dəmir yolunda qaranlıq əməliyyatların ssenarisi yazılıb. Onları da Müşfiq Tükanovla tanış edən İlqar Məmmədov olub. Onun Mərkəzi Bankda işləyən qayınatasının vasitəçiliyi ilə "DəmirBankın Mərkəz filialı şübhəli maliyyə əməliyyatlarının əsas mərkəzlərindən birinə çevrilmişdi.