Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Seymur Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org xəbər verir ki, Vəkil Səbirə Hacıyevanın APA-ya verdiyi məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Niftəliyev barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, ona 6 ay həbs cəzası verilib və o, həmin müddəti istintaq təcridxanasında saxlanıldığına görə, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə ötən il Şabran rayonunda baş verib. Şabran sakini S. Niftəliyev zərərçəkmiş şəxs Təbriz Kamilova telefonla səhvən zəng edib. Bu isə zərərçəkmiş tərəfin narazılığına səbəb olub. Onlar parkda görüşüb və mübahisə ediblər. S. Niftəliyev zərərçəkmiş şəxs tərəfindən təhqir edildiyi üçün onu bıçaqlayıb.