Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ərazlərin minalardan təmizlənməsi işləri sürətlə davam etdirilir. Bundan əlavə, kəndə gedən yolun düzəldilməsi üçün işlərə də başlanılıb. Cocuq Mərcanlı yaşayış üçün hazırlanır.

Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, təhlükəli yerlərə lövhələr vurulur. İtlər bir tərəfdən, texnika və canlı qüvvə digər tərəfdən ərazidə mina axtarır.

Cocuq Mərcanlı kəndinin bərpası və müvafiq infrastrukturun yaradılması üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri kənddə işləri sürətləndiriblər. Bu məqsədlə ilkin mərhələdə texniki tədqiqat işləri aparılaraq, təhlükəsizlik məqsədilə kəndin giriş yolları, yaşayış evləri və onların ətrafı, kommunikasiya xətlərinin keçəcəyi ərazilər minalardan təmizlənir.

Əməliyyatlara 90 nəfərlik işçi heyəti, 10 minaaxtaran it və 3 mexaniki minatəmizləmə maşını cəlb olunub.

Bu günə kimi 62 min 66 kvadratmetr ərazi və 20 ev təmizlənib. Eyni zamanda, kəndin əkin üçün nəzərdə tutulmuş ərazisində də təmizləmə əməliyyatlarına start verilib. Bu işlərlə yanaşı, kəndə gedən yol da düzəldilir. Görülən işlər ən çox bölgə sakinlərini sevindirir.

Cocuq Mərcanlıda digər infrasturuktur işlərinin görülməsi üçün plan hazırlanır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: