İtkin düşmüş neftçilərdən daha birinin meyiti tapılıb.

Bu barədə Unikal.org-a Axtarış-Xilasetmə qərargahından məlumat verilib.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində dənizin "Pirsaat burnu hissəsində sahildən 1 mil aralı məsafədə tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğluna məxsus olduğu rəsmən təsdiq edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.