İnsanların yalnış müalicə alması sağlam orqanı da sıradan çıxardığından bu, sonradan ölümlə nəticələnir. Hətta vəziyyət o həddə çatıb ki, həkimə müraciət edən xəstə yanlış diaqnoz qoyulması və səhv müalicə aparılması səbəbindən ya şikəst olur, ya da dünyasını dəyişir.

Bu kimi hallara son qoymaq üçün Səhiyyə naziri Oqtay Şirəliyev ciddi addımlar atmağa başlayıb. Nazir ilk öncə "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası"na ciddi nəzarət olunması üçün göstəriş verib. O, hətta sertifikasiya imtahanından keçə bilməyən qohumlarına belə güzəşt edilməsinə qadağa qoyub. Nazir belə hallar baş verdiyi təqdirdə həmin şəxslərin ciddi cəzalandırılacağını deyib.

Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Unikal.org-a faktı təsdiqləyərək bunları deyib: "Əvvəlki illərdə tanış həkimlərin qeyri-rəsmi şəkildə sertifikasiyadan keçmələri üçün zəng vurub xahiş edərdilər. Mən də bir-iki dəfə zəng vurub həkim tanışım üçün xahiş etmək istədim. Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyə Mustafayeva bildirdi ki, nazir Oqtay Şirəliyev göstəriş verib ki, mənim öz qohumum olsa belə sertifikasiya prossesində güzəşt edilməsin. Xahişimi yerinə yetirə bilməyəcəklərini dedi. Çünki o həkim imtahan verdikdən sonra gedib Azərbaycan vətəndaşına xidmət eləməlidir. Xüsusən müasir diaqnostikanı bilməyəndən, dərmanın adını tanımayandan sonra təbii ki, o həkim cəllada çevrilir. Cavab olaraq dedim ki, Zəkiyyə xanım, ən yaxın adamım da olsa mən sizdən xahiş etməyəcəm.

Deputat sözügedən hadisədən sonra Səhiyyə Nazirliyinə hər hası bir məsələ ilə bağlı xahiş etmədiyini deyib: "Səhiyyə nazirliyi münasibətlərimin yaxşı olduğu nazirlikdir. Hər zaman da bir-birimizlə işgüzar münasibətlərimiz var. Amma, mənə Səhiyyə Nazirliyi bu şəkildə cavab verirsə, deməli burada çox ciddi nəzarət var. Bu o deməkdir ki, savadı olmayanlar heç vaxt hansısa qanunsuz yolla sertifikasiyadan keçə bilməyəcəklər.