"Erməni dilini daha yaxşı öyrənmək üçün xarici ölkələrin erməni dili tədris edilən universitetlərində seçilmiş azərbaycanlı gənclərin təhsil almaları həyata keçirilə bilər".

Bu fikirləri Unikal.org-a Milli Məclisin  Elm və təhsil komitəsinin üzvü, millət vəkili, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, müəyyən sahənin adamları - elmi-tədqiqat işləri aparanların, ixtisaslaşdırılmış sahədə çalışanların və s. erməni dili bilməsi zəruridir:

"Ölkəmizin bəzi universitetlərində Qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə erməni tarixi, coğrafiyası və s. ilə yanaşı erməni dili də tədris edilir. Dərslik və dərs vəsaitləri də nəşr edilib. Düşmənin dilini bilmək lazımdır, ancaq bu dili bütün xalqımızın öyrənməsinə heç ehtiyac da yoxdur. Yalnız müəyyən sahənin adamları - elmi-tədqiqat işləri aparanların, ixtisaslaşdırılmış sahədə çalışanların və s. bu dili bilməsi zəruridir. Erməni dilini daha yaxşı öyrənmək üçün xarici ölkələrin erməni dili tədris edilən universitetlərində seçilmiş azərbaycanlı gənclərin təhsil almaları həyata keçirilə bilər. Bildiyimə görə Livandakı universitetlərin erməni dili tədris edilən fakültələrinə bəzi ölkələrdən seçilmiş gəncləri yollayırlar."

Həsən Babayev