Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib. 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsində qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklərə əsasən, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Belə ki, Konstitusiyanın 105-ci maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün ərzində (indii qüvvədə olan variantda bu müddət üç ay nəzərdə tutulub) növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edəcək. 

Hər hansı səbəbdən birinci vitse-prezident prezident vəzifələrini icra edə bilməzsə, bu səlahiyyət vitse-prezidentə veriləcək. Vitse-prezident də bu vəzifəni hər hansı səbəbdən icra edə bilmədikdə, bu səlahiyyət baş nazirə həvalə edilir. Baş nazir hansısa səbəbdən vəzifəni icra edə bilməsə, bu səlahiyyət Milli Məclisin sədrinə verilir, bu da mümkün olmadıqda, Milli Məclisin müəyyən etdiyi şəxsə verilir. 

«Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir»-deyə dəyişikliklərdə bildirilir.

Konstitusiyaya vitse-prezidentlərin toxunulmazlığı barədə maddə də əlavə edilib - «Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı».

Bu maddəyə görə, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.

«Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı»: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir».

Nəhayət, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərə görə, vitse-prezidentlərə dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququ verilir.

Qeyd edək ki, bundan əvvəl Konstitusiyanın qüvvədə olan variantında prezidenti əvəzləyəcək şəxs olaraq baş nazir nəzərdə tutulurdu.