"Göstərdiyiniz yüksək etimada görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam dərk edirəm. Cənab prezident, inanıram ki, sizin və mənə inanan bütün insanların etimadını doğruldacağam.

Unikal.org-un məlumatına görə, bunu birinci vitse-prezident Mehriban Əliyeva deyib.

M. Əliyeva fəaliyyətinə yüksək qiymət verdiyi üçün prezident İlham Əliyeva təşəkkür edib.

Birinci vitse-prezident qeyd edib ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu 13 ildir, fəaliyyətini humanizm prinsipləri əsasında qurub: "Bu illər ərzində biz bir çox böyük layihələr icra etmişik. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri həyata keçiririk. Eyni zamanda 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç vaxt biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olanlara kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri yüksək tutaraq ən yüksək qələbələri əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacaq, Azərbaycana layiqli xidmət etməyə çalışacağam. Bir daha göstərdiyiniz etimada görə sizə dərin minnətdarlığımı bildirirəm.