Qurbanovlar ailəsinin iki aydan da çox idi ki, gözləri yolda, qulaqları səsdə idi. Ailə başçısı Vidadi Qurbanov ötən il dekabrın 15-də Xəzərdə əsən güclü küləyin "Azneft İB-nin Nəriman Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşmüşdü. 

Unikal.org xəbər verir ki, həyata keçirilən axtarış xilasetmə əməliyyatları nəticəsində onun meyiti fevralın 17-də Xəzər dənizinin Pirsaat burnu hissəsində sahildən 1 mil aralı məsafədə tapılıb.59 yaşlı Vidadi Qurbanov 36 il idi ki, neft-qaz sahəsində çalışırdı və ömrünü bu sahəyə həsr etmişdi. 2 oğul atası idi. Yaddaşlarda yaxşı qonşu, etibarlı yoldaş kimi qaldı.

Vidadi Qurbanov Sumqayıt şəhər qəbiristanlığında dəfn olundu.