Xəbər  verdiyimiz kimi, Prezident İlham Əliyevin sədrliyi ilə bu gün Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda diqqət çəkən məqamlardan biri Təhlükəsizlik Şurasının üzvü, daxili işlər naziri Ramil Usubovun iştirak  etməməsi olub.

Unikal.org-a DİN rəhbərinin Təhlükəsizlik Şurasının iclasında iştirak etməməsinin səbəbi məlum olub.

Belə ki, Azərbaycanın Daxili İşlər naziri Berlində 20-ci Avropa Polis Konqresinin açılışına qatılıb. Daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan Avropa Polis Konqresinin builki mövzusu "Sərhədsiz Avropa,Azadlıq, mobillik və təhlükəsizlik olub.

İki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlər müzakirə olunacaq.

Hər il keçirilən konfransa müxtəlif ölkələrin daxili işlər nazirləri, Avropa İttifaqının nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri qatılırlar.