"Ermənistan-Azərbaycan münaqişəsinin bu günə qədər həll olunmaması bölgəmizdə sülhə, təhlükəsizliyə, əmin-amanlığa, o cümlədən hərtərəfli regional əməkdaşlığın inkişafına ciddi təhdiddir.

XİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ankarada Türk Şurasının təşkilatçılığı ilə keçirilən "Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü uzun illərdir Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində pozulub, bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, beynəlxalq hüququn bütün norma və prinsipləri kobud şəkildə pozulub. Beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi məlumdur. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Əfsuslar olsun ki, bu qətnamələrin heç biri bu günədək icra edilməyib. Azərbaycan sülhün tərəfdarıdır və biz münaqişənin dinc yolla həllinə tərəfdarıq. Bizim mövqeyimiz dəyişməzdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi həm ədalətsizliyə son qoyacaq, həm də regional sülhə və təhlükəsizliyə töhfə verəcək.

O qeyd edib ki, Azərbaycan bölgədə sülh, sabitlik, əmin-amanlığın təmin edilməsi üçün daim səylər göstərir: "Ölkəmiz terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir və öz töhfələrini əsirgəmir. Təəssüflər olsun ki, son zamanlar qardaş Türkiyədə törədilən terror hadisələri bizi ciddi şəkildə narahat edir və biz bu terror aktlarını qətiyyətlə qınayır və hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirik. Terrordan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorun bütün formada qəti şəkildə pisləyir.

Əfsuslar olsun ki, son zamanlar islam dini beynəlxalq aləmdə bəzi insanlar, o cümlədən natiqlər, siyasətçilər tərəfindən terrora xidmət edən din kimi qələmə verilməkdədir. Acınacaqlı haldır ki, bir çox ölkələrdə islam dininin daşıyıcısı olan insanlara qarşı münasibətdə radikal hərəkətlər həyata keçirilir, müsəlmanların hüquqları tapdalanır, onların terrorun potensial daşıyıcıları olduğu kimi xoşagəlməz fikirlər səsləndirilir. Azərbaycan müxtəlif dini mənsubiyyətin nümayəndələrinin azad, demokratik, firavan şəkildə bərabər yaşadığı tolerant bir ölkədir. Xalqımız bu xüsusiyyətləri daşıyır, mehriban şəkildə hər bir dinin nümayəndələri ilə, milli azlıqlarla bərabər yaşayır. Bu məsələyə dövlət səviyyəsində də xüsusi həssalıqla yanaşılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2016-cı il "Azərbaycanda multikulturalizm ili elan edilib, ölkəmiz BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Müxtəlif mədəniyyətlərin, dinlərin, konfessiyaların nümayəndələri ölkəmizə səfər edərək, Azərbaycanda bu istiqamətdə mövcud proseslərə canlı şahid olub, bununla bağlı öz fikirlərini ifadə ediblər. Azərbaycan tolerant ölkə olmaqla yanaşı bir müsəlman ölkəsidir. Müsəlman mədəniyyətini, tarixini yaşadan bir ölkədir.

Belə ki, Azərbaycan prezidentinin müvafiq sərəncamına əsasən 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli elan edilib. Azərbaycan islam dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsinə hər zaman xüsusi önəm vermiş və coğrafi mövqeyinə görə əsrlər boyu Qərb və Şərq sivilizasiyaları arasında körpü rolunu oynayaraq islam dininin mədəni və mənəvi dəyərlərini dünyaya təşviq edib. Bu səylərin davamı olaraq, Bakıda 2017-ci ilin may ayında 4-cü İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirən Azərbaycanın əsas istəyi regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın, firavan və mehriban qonşuluq siyasəti çərçivəsində münasibətlərin inkişaf etdirilməsindən ibarətdir. İnanıram ki, ölkələrinin ərazi bütövlüyünə, xalqlarının firavan gələcəyinə və beynəlxalq hüququn aliliyinə xidmət edən hər bir kəs Azərbaycanın haqlı mövqeyinin yanında olacaq!.