Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org-un məlumatına görə, Yaponiyanın dövlət naziri Y. Matsumura xanım Mehriban Əliyevanın Azərbaycanın I vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin çox yaxşı və uzun tarixə malik olduğunu deyən dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Prezident İlham Əliyev siyasi sahədə əlaqələrimizin razılıq doğurduğunu deyib. Dövlət başçısı Yaponiyanın maliyyə dəstəyi ilə Azərbaycanda bir çox mühüm layihələrin icra olunduğunu, Yaponiya hökumətinin kreditləri ilə ölkəmizdə çox önəmli infrastruktur layihələrinin artıq istismara verildiyini qeyd edib.

Azərbaycanın neft-qaz sektorunda da Yaponiya şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayan prezident İlham Əliyev bu şirkətlərin gələcəkdə də ölkəmizin yeni neft-qaz sahələrində iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün gözəl imkanların olduğunu deyən dövlət başçısı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bütün bu mövzuların və xüsusilə ticarət dövriyyəsinin artırılması istiqamətində görüləcək işlərin müzakirə ediləcəyinə, geniş fikir mübadiləsi aparılacağına və əməkdaşlıq haqqında qərarlar qəbul ediləcəyinə əminliyini ifadə edib.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Y. Matsumura prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu deyib. O, ölkəmizə səfərinin Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğu bir vaxta təsadüf etməsinin və Azərbaycan-Yaponiya İqtisadi Komitəsinin 9-cu iclasında iştirakının onda böyük sevinc hissi yaratdığını deyib. Y. Matsumura ölkəsinin Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsində maraqlı olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı, səhiyyə, insan resursları, yeni yaradılmış sənaye zonalarına texnologiyaların gətirilməsi, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

xxxxxxxxxxxxxxxxxxxxxxxxx
Prezident İlham Əliyev fevralın 22-də Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.