""Şollar suyunun Bakıya çəkdirilməsində H.Z.Tağıyevin maddi baxımdan heç bir rolu olmayıb.

Bu fikirləri Unikal.org-a açıqlamasında "Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədov deyib.

O, bildirib ki, H.Z.Tağıyev xalqımız üçün çox böyük işlər görüb. Ancaq, "Şollar suyunun Bakıya çəkilməsinin maddi baxımdan onunla heç bir əlaqəsi olmayıb:

"1893-cü ildə Bakı ətrafında, Abşeronda içməli su ehtiyatı kifayət qədər olmadığından Kür və Samur çaylarından su çəkilişi məsələsi ortaya qoyulur və bununla bağlı layihə hazırlanır. Layihə baha başa gələcəyi üçün bundan imtina edilir. Tağıyev böyük canfəşanlıq göstərir. Bakı şəhər Duması şəhərə su çəkilişi üçün Viliam Lindleyi dəvət edir. Dumanın iclaslarında iştirak edən Lindleyə ilk növbədə Samur çayından su çəkilişi üçün layihəyə üstünlük vermək təklif olunur. Lindley ilkin müşahidələrinin nəticəsi kimi yeni su kəməri üçün Kür və Samur çaylarını deyil, Quba qəzasındakı yeraltı sulardan və bulaqlardan istifadə edilməsi təklifini irəli sürür. Ermənilər Saruxanov və Adamyan bu məsələdə maraqlı olmadıqlarından Lindleyi bu fikirdən daşındırmağa çalışırlar. Çünki, onlar Volqa çayı vasitəsilə gəmilərlə su gətirməklə külli miqdarda pul qazanırdılar. Bu səbəbdən mütəmmadi olaraq Lindleyə qarşı müxtəlif təxribatlara əl atırdılar. Buna baxmayaraq V.Lindleyi öz fikrindən daşındıra bilmirlər. Lindley iradəsindən dönməyərək, başladığı işi çətinliklə də olsa başa vura bilir. 1910-1911-ci ildən Bakıya "Şollar suyunun çəkilişinə başlanılır.

Nəhayət 1917-ci ilin yanvarında "Şollar suyu Bakıya gəlib çatır və fevralın 18-də "Şollar-Bakı su kəmərinin açılış mərasimi keçirilir.

Bir sözlə, əsas məqam ondan ibarətdir ki, tarixdə kimin hansı rol oynadığını dəqiq bilək və düzgün məlumat ötürək. H.Z.Tağıyev duma nümayəndəsi olaraq, su komissiyasının üzvü kimi hər zaman Lindleyə arxa, dəstək olub. Ancaq "Şollar suyunu Bakıya Tağıyev çəkdirməyib. Onun xalqımıza qarşı çox böyük xidmətəri olub. Xüsusilə qeyd edim ki, kəmərin çəkilişi zamanı Bakıda su quyusunun qazılması üçün şəhər milyonçularından yalnız Şixəliyev 200 rubl pul verib. Digər milyonçular, həmçinin Tağıyev də bu işə pul xərcləməyib. Qalan vəsait dövlət xəzinəsindən ayrılıb. Bu gün bizim arxivimiz mühüm materiallarla zəngindir. Təəssüf ki, heç kim gedib maraqlanmaq, araşdırmaq istəmir.


D.Məmmədov həmçinin "Şollar suyu ilə bağlı kitab da yazdığını deyir. O, qeyd edir ki, mart ayının 16-da AMEA-da "Şollar suyunun 100 illiyi ilə əlaqədar dövlət səviyyəsində böyük tədbir keçiriləcək: "Kitabın adı isə "Şollar epopeyası olacaq. Kitabı oxuyandan sonra çox adam maraqlanacaq. Burada təkcə "Şollar suyunun tarixi deyil, ermənilərin Bakıda bizə qarşı olan mənfi münasibətləri qeyd edilib. Burada eyni zamanda olduqca maraqlı, vacib və tarixi məqamlar öz əksini tapıb. Kitab hazırda Nəşriyyatda çap olunur.