Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası tərəfindən Nizami Kino Mərkəzində "Sonsuz dəhliz" sənədli filmi nümayiş olunub.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Filmin nümayişində eyni zamanda Prezident Administrasiyasının, Milli Məclisin, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Filmin rejissoru Aleksandras Brokas bildirib ki, film bu günədək "Xocalıya ədalət kampaniyası çərçivəsində bir sıra ölkələrdə, o cümlədən 60-dan artıq kino festivallarda nümayiş etdirilib, ABŞ-ın "Accolade Film Competition" adlı nüfuzlu kino nəşrinin "Global Film Awards" müsabiqəsinin "Humanitar mükafatı"na layiq görülüb. Madrid Tenerife Beynəlxalq Film Festivalında isə "Sonsuz dəhliz filmini "Ən Yaxşı Sənədli Film və "Ən Yaxşı Sənədli Film Rejissoru nominasiyası üzrə qalib elan olunub: "Bizə etimad göstərən, nəinki evlərinin, o cümlədən qəlblərinin qapısını açan insanlara təşəkkür edirəm. Yalnız onlar bilir ki, müharibə, işgəncə nədir. Bu sənədli filmi çəkdiyimiz zaman ağrı və əzablar böyük idi. Biz hər bir kadrda göz yaşlarını görürdük. Auditoriya inana bilmirdi ki, bu cür vəhşilik mümkündür. Bu günə qədər "Sonsuz dəhliz" filmi yarım milyard insana təqdim edilib".

Xocalı faciəsinin şahidlərindən olan jurnalist Riçardas Lapaitis, Xocalı şahidi Valeh Hüseynov şahidi olduqları hadisələr haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, "Xocalıya ədalət beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdə qeyd olunub ki, Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən "Sonsuz dəhliz filmində Ermənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçardas Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldığı xatirələrindən bəhs edilir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Amerika və Litva kinematoqrafçıları tərəfindən çəkilən "Sonsuz dəhliz sənədli filminin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib.

Qeyd edək ki, "Xocalıya ədalət beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılıb.

Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşadılması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib.

Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlib.