Fevralın 26-da Bakıda müşahidə edilən güclü külək nəticəsində "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin (BNA) quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə ziyan dəyib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Unikal.org-a bildirib ki, küləkli hava şəraiti səbəbindən həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb.

"Artıq BNA-nın balansında olan dayanacağın, eləcə də qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır. Sosial şəbəkə istifadəçiləri tərəfindən fotoşəkilləri paylaşılan və 20 yanvar dairəsi yaxınlığında qəzalı vəziyyətə düşən dayanacaq pavilyonuna gəlincə isə bildirmək istəyirik ki, sözügedən pavilyon BNA-nın balansında olmadığından, onun təmiri və ya yenisi ilə əvəz edilməsi də agentliyin səlahiyyətinə aid deyil", - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, məsələ ilə bağlı dayanacaq pavilyonunun aid olduğu müvafiq dövlət qurumunu məlumatlandırıb: "Yaxın vaxtlarda bu qəzanın nəticələri də müvafiq dövlət qurumu tərəfindən aradan qaldırılacaq".