Fevral ayının 25-i, gecə saat 03:00 radələrində Şəmkir rayonunun mərkəzində Məmmdəli Əhmədov küçəsi, ev 143 ünvanında Valentina Tağıyevaya məxsus fərdi yaşayış evində cinayət hadisəsi baş verib.

Unikal.org ARB-yə istinadən xəbər verir ki, bir nəfər şəxs heç kimin olmadığını zənn edərək oğurluq məqsədi ilə evə daxil olub.

Əvvəlcə dəmir barmaqlıqlar sonra isə evdə olan 80 yaşlı qadın çağırılmamış qonağın arzusunu ürəyində qoyur.

Soyğunçuluq edən şəxs əvvəlcə bu mənzilə daxil olmaq istəyib. Ancaq dəmir barmaqlıqların olması onun işini çətinləşdirib. Bu səbəbdən də digər ünvana üz tutub. Burada isə həmin şəxsin qarşısını şüşə pəncərələr kəsib.

Pəncərəni sındıraraq içəri daxil olan "qəhrəman" daha bir maneəyə rast gəlir. Bu dəfə ev sahibi Valentina Tağıyeva oğrunun qarşısına çıxıb. Planlarının alt-üst olduğunu görən çağırılmayan qonaq gücünü işə salaraq yaşlı qadını döyüb. Ancaq 80 yaşı olmasına baxmayaraq, ev sahibi gücünə-güc qataraq qarətçiyə müqavimət göstərə bilib. Yaşlı qadından pul tələb edən həmin şəxs istədiyini əldə edə bilməyincə ünvanı tərk edir.

Lakin Şəmkir polisi qadını sağlamlığından edən şəxsi elə də uzaqda deyil, qonşuluqda tapıb. Çünki 31 yaşlı Emin Namazov Valentina Tağıyevanın qonşusu olub.

Emin Namazov əməlini səmimi etiraf edib və ifadəsində 80 yaşlı qadının evdə olmasından xəbərsiz olduğunu deyib. Sərxoş olduğunu bəhanə edərək özünü sudan quru çıxartmağa çalışıb.

Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Emin Namazovun görünür ilk cəzası yüngül olub. Bu dəfə isə günahı tam sübuta yetirilərsə onu daha ağır cəza gözləyir.