Bu gün peşəkar kikboksinq üzrə VIII Heydər Əliyev Kuboku keçirilib. 

Unikal.org-un məlumatına görə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda Azərbaycan və İran yığmaları üz-üzə gəlib. Boks Mərkəzində təşkil olunan yarışın startından öncə son günlərdə Qarabağda şəhid olmuş həmyerlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca turnirin rəsmi hissəsi başlayıb.

WAKO ASIA-nın prezidenti, eyni zamanda İran WAKO Federasiyasının rəhbəri Nasser Nassiri Bakıda olmaqdan böyük şərəf duyduğunu açıqlayıb: "Belə böyük turnirdə mən də iştirak etdiyim üçün qürur hissi keçirirəm. Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə gözəl tədbir təşkil etdiyi üçün təşəkkür edirəm. Burda olduğumuz vaxt Azərbaycan mədəniyyəti ilə bağlı tanış olmaq üçün böyük şans qazandıq. Şounun gözəl alınacağına inanıram. Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov yarışın əhəmiyyətindən söhbət açıb. O bildirib ki, bu cür yoldaşlıq görüşləri 2 ölkə arasında münasibətləri daha da inkişaf etdirir: "Azərbaycan idman ölkəsidi. Bütün idman növlərinə diqqət göstərilir. Bu yarış 2 ölkə arasında dostluq münasibətlərini daha da möhkəmlədəcək. Məqsədimiz idmanı gənclər arasında kütləviləşdirməkdi.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev yarışın ənənəvi xarakter daşıdığını xatırladıb. O, bu yarışın Azərbaycan və ölkə xaricində daimi keçiriləcəyini də vurğulayıb: "Azərbaycanda idmana dövlət tərəfindən qayğı göstərilir. Bunun nəticəsi olaraq ölkəmizdə nüfuzlu beynəlxalq turnirlər keçirilir. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və idmana dəstək verən bütün şəxslərə təşəkkür edirəm. Çünki Azərbaycanda heç vaxt olimpiya və qeyri-olimpiya idman növləri fərqləndirilməyib. Hamısına eyni dərəcədə qayğı göstərilir. AKF-in rəhbəri idmanda kütləviliyin təmin olunmasından da söz açıb. O bildirib ki, bütün federasiyalarda işlər yüksək səviyyədə görülür: "Bu gün idmanla məşğul olan hər bir azərbaycanlı dünya, Avropa və ya olimpiya çempionu olmaya bilər. Amma onlar sabah milli ordumuzun əsgəri olacaqlar. Bu səbəbdən də idmanın kütləviləşməsində bir-birimizə dəstək verməliyik. Bugünkü döyüş isə iki ölkə arasında dostluq əlaqələrini daha da möhkəmlənməsinə xidmət edir. Biz yaxın qonşuyuq və bir-birimizdən lazımi təcrübəni öyrənməliyik.

Rəsmi hissə yeniyetmə kikboksçular - Rəsul Hacıyevlə (DİN) Əkbər Əsədov (AKF) arasındakı simvolik döyüşlə başa çatıb. Azərbaycan əsgəri formasında döyüşən idmançıların çıxışı sülhlə bitdiyindən alqışlarla qarşılanıb. Rinqə isə ilk olaraq Ruslan Musayev çıxıb. Həmyerlimiz Həmid Amnini məğlub etməkdə ciddi çətinlik çəkməyib. Onun uğurunu Rəhim Əliyev də davam etdirib. Görüşün gedişində Əli Bani Əsədi nokdauna da salan idmançımız yekunda qalib elan olunub. Növbəti döyüş Alışan Aslanlı və Seyid Əmir arasında keçirilib. Təəssüf ki, təmsilçimiz uğurlu seriyanı davam etdirə bilməyib və məğlubiyyətə üzülüb.

K-1 versiyası ilə döyüşən həmyerlilərimizin heyətində isə dəyişiklik edilib. 81 kq çəki dərəcəsində Abufazil Qudarzi ilə gücünü yoxlamalı olan Ehtiram Rzayevi dünya çempionu Emin Mövsümzadə əvəzləyib. O da bu etimadı doğruldub. Rəqibi üzərində inamlı qələbə qazanan kikboksçu iranlılarla fərqi yenidən 2-yə çatdırıb - 3:1. Bir gün öncə çəkisi artıq olan, lakin son anda 1,6 kq çəki atan Orxan Məlikov da görüşü qələbə ilə başa vurub. O, Omid Nüsrətini rinqə çıxmağa peşman edib. Bu, digər görüşlərin nəticəsindən asılı olmayaraq, yığmamızın İran üzərində qələbə qazanacağını da rəsmiləşdirib. Buna baxmayaraq, 6-cı qarşılaşmada millimizin aktivinə yazılıb. Kikboksçumuz Elşən Qəniyev İraj Muradinin zəif olduğunu sübuta yetirib. Ramal Aslanov - Həmid Asli görüşü də həmyerlimizin xeyrinə başa çatıb. İdmançımız yarışı gözəl döyüşlə bitirib. Beləliklə, VIII Heydər Əliyev Kuboku Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb. Kikboksçularımız rəqiblərini 6:1 hesabı ilə məğlub ediblər.