Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onu evləndirmək istəyən atasını öldürməkdə təqsirləndirilən 17 yaşlı Kənan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hakim Tamella Nəsrullayyevanın icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib.

Hakim bildirib ki, istintaq zamanı müstəntiq K.Qasımovun anasını qanuni nümayəndə kimi tanımayıb və X.Qasımovanı maraqlı tərəf kimi qeyd edib. T.Nəsrullayeva deyib ki, lakin qanunvericiliyə uyğun olaraq X.Qasımova məhkəmənin bugünkü qərarı ilə qanuni nümayəndə kimi tanınıb.

X.Qasımova hakimin sualına cavab olaraq deyib ki, mərhum ərinin valideynləri ilə hadisədən sonra əlaqə saxlamayıb: "Yasdan sonra görməmişəm.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Məhkəmə prosesi martın 14-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2016-cı il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Gədəbəy rayon sakini, 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovu ürəyindən bıçaqlayaraq öldürüb.

K.Qasımov hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydə təhsilini dayandırıb. Bundan sonra valideynləri K.Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib. Qulu Qasımov isə oğlunu evləndirməkdə israr edib.

Bundan əsəbləşən Kənan Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən, yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Qulu Qasımovun ürəyinə sancıb.