Gül satcılılarının səbirsizliklə gözlədiyi günlərdən biri də 8 Martdır. Hər il gül salonlarında izdiham müşahidə olunur. Hədiyyə alan kim, buket sifariş verən kim. Bəs bu il vəziyyət necədir?


Unikal.org olaraq bu suala cavab tapmaq üçün paytaxtın gül satışı ilə məşğul olan salonlarına baş çəkdik. Ümumi mənzərə heç də ürəkaçan olmadı. Əvvəlki illərlə müqayisədə bu il o alıcı sıxlığı gözə dəymirdi. Elə satıcılar və mağaza müdirləri də bundan şikayətcidir: "Bu il alver çox zəifdi. Bundan əvvəlki illərdə 8 Marta yaxın və sonrakı günlərdə demək olar ki, gətirdiyimiz güllərin hamısı satılırdı. Ancaq bu il vəziyyət başqadır. Böhran bütün sahələrə olduğu kimi bizim işimizə ciddi təsir göstərib.


Başqa bir gül salonuna yaxınlaşırıq. Görünüşündən mağazanın müdirinə bənzəyən şəxsin telefon danışığına qulaq şahidi oluruq: "Qardaş, vallah vəziyyət yaxşı deyil. Bilmirəm nə edəcəm. Gətirdiyim güllər "üstümdə qalıb. Alver də yoxdur. Həmin şəxsin həqiqətən də mağaza müdiri olduğunu öyrənirik. Vəziyyəti özündən soruşuruq: "Nə deyim? Özünüz hər şeyi görürsünüz. İlbəil alver zəifləyir. Böyük salonlar yaxşı işləyir. Onların işində elə də ciddi problem yoxdur. Yəni, onların müştəri sayındakı azalma elə də gözə görünmür. Ancaq bizimki kimi kiçik mağazalar bu il alıcı qıtlığından ciddi əziyyət çəkir. Xaricdən gətirdiyimiz güllərin qiymətində bahalaşma var. Ola bilsin bu da tələbatı azaldıb. İnsanları da başa düşmək olar.


Ən bahalı gülün qiyməti ilə maraqlanırıq. Satıcı Orxideyanı göstərərək qiymətinin həcminə görə dəyişdiyini və 40 AZN-dən başladığını deyir. O, qeyd edir ki, bu il ancaq ucuz qiymətə olan güllərin satışı daha çox olub. Qiymətlərdə isə nisbətən bahalaşma var. Başqa bir mağazada isə ötən illə müqayisədə 30-40 faiz bahalaşma olduğu diqqət çəkir.

H.Babayev