Şəhid mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadəni və onun qızlarını təbrik etmək üçün yaşadıqları ünvana baş çəkdik.

Qapını Urfan Vəlizadənin həyat yoldaşı Könül xanım və 2 yaşlı qızı Bətül açdı.

Gəlişimiz səhər saatlarına təsadüf etdiyindən, Urfan Vəlizadənin 9 yaşlı qızı Zəhra ilə görüşə bilmədik. Şəhid mayorun həyat yoldaşı Könül xanımın sözlərinə görə, birlikdə yaşadıqları 10 il ərzində ilk dəfədir Urfan 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə onu təbrik etmir: "Onun itkisi çox ağırdır. Yeri hər an bilinir. Hər bayramda mənim hədiyyəm axşamdan hazırlanardı. Zəhranı da təbrik edirdi. Bətülü də ilk və son dəfə ötən il təbrik etdi. Bu il isə Urfan yoxdur. Allah heç bir ailəni atasız qoymasın!"
 
Könül xanım deyir ki, Urfan Vəlizadə bayramlarda ona daha çox gül hədiyyə edib:

"Bir dəstə gül alardı. O, yaşayanda mənim bayramım tam fərqli olardı. Qızım Zəhra ilə gedib mənə hədiyyə seçərdilər. Parfüm alardı, fen almışdı, hətta bir dəfə xrustal vaza da almışdı..."

"Urfan çalışıb yaxşı nə varsa, ailəsi üçün etsin" deyən Könül Vəlizadənin sözlərinə görə, on il ərzində hərbçi xanımı olduğunu ona hiss etdirməyib: "İşini heç vaxt evə gətirməzdi. Toydan qabaq mənə söz vermişdi ki, hərbçi ilə ailə qurduğunu heç vaxt hiss etməyəcəksən. Əlindən gələni edərdi ki, ürəyimiz sevinsin. Uşaqlar üçün də həmçinin".
 
9 yaşlı Zəhra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 3-cü sinif şagirdidir. Anası onunla fəxr etdiyini və övladlarının ona Urfanın ən dəyərli hədiyyəsi olduğunu deyir: "Zəhra çox yaxşı oxuyur dərslərini. Üstəlik, skripka ifa etməyi də öyrənib. Deyir ki, aprelin 2-də Urfanın ildönümü günü mən atamın qəbri üstündə ifa edəcəyəm. Bilmirəm ki, onu ora necə aparım. Mənim üçün çox çətindir, bu onun ağlına hardan gəlib, heç onu da bilmirəm. Amma aparacağam ki, ifa etsin atası üçün".
 
Könül xanım ən ağrılı anlarını Zəhranın atası ilə bağlı sualları cavablandırarkən yaşadığını deyir: "Bətül heç bilmir, başa düşmür. Amma Zəhranın gözləri axtarır atasını. Atalı uşaqları görəndə sarsılır. Mən görürəm o pis olur, məndən xəlvət kənara çəkilib ağlayır. Sonra göz yaşlarını silib gəlir. Urfan mənim üçün də, balalarım üçün də hər şey idi".

Könül xanım şəkərli diabetdən əziyyət çəkir. Səhhəti ilə bağlı problemlər artanda balaca Bətülə anasından daha çox böyük bacısı Zəhra dəstək olur: "Sakitləşdirir Bətülü, deyir Bətül, ağlama, ata yoxdur. Bir də deyir ki, Bətül, sənə çox yazığım gəlir, ürəyim ağrıyır ki, sən atamızı tanımadın".

İxtisasca filoloq olan Könül xanım Bətül kiçik olduğu üçün işləmir. Deyir ki, Urfan çox qısqanc olub xaraktercə, onun işləməyinə tanışlıqlarının ilk günündən razılaşmayıb: "Deyirdi mən öləndən sonra işləyərsən. Elə inadla deyirdi ki, sözümü geri götürərdim".

Bu il Könül xanımı ilk təbrik edən qızı Zəhra olub. Özünün hazırladığı əl işi ilə təbrik edib anasını və balaca bacısını.
 
Gözü daim yolda, qulağı səsdə olan şəhid mayor Urfan Vəlizadənin xanımı Könüllə övladlarının xoş günlərində görüşmək diləyi ilə ayrıldıq.