Xaricdə rəngarəng geyimli insanlar daha çox üstünlük təşkil etsə də, ölkəmiz haqqında bunu söyləyə bilmərik. Müşahidələrimizə əsasən deyə bilərik ki, Azərbaycan üçün əsas rəng trendi tünd rənglərdir. Amma təbii ki, istisnalar da var...

İlk olaraq kişi geyimləri mağazasına baş çəkdik. Hazırda hansı rənglərə daha çox üstünlük verildiyi ilə maraqlandıq. Satıcı bildirdi ki, 2-3 il əvvəl tünd rənglərə daha çox üstünlük verilirdisə, hazırda seçimlərdə dəyişikliklər var: "Bu ilin trend rəngləri yaşıl, zoğalı rənglərdir, açıq rənglərə daha çox üstünlük verirlər. Amma 2-3 il bundan qabaq qara, qəhvəyi, boz rənglərə daha çox üstünlük verirdilər. İndi Avropada necədirsə, bizdə də artıq tünd rənglərə qarşı kompleks yoxdur. Tələbat daha çox rənglilərdir. Satışda gördüyünüz kimi, rənglilər daha çoxdur".

Satıcı deyir ki, açıq rəngdə olan üst geyimlərinə çox az hallarda müraciət edirlər.

Qadın paltarlarının satışı mağazasından isə bildirdilər ki, zövqlər müxtəlifdir. Qadınların bəziləri tünd, bəziləri isə rəngli geyimlərə üstünlük verir.

Psixoloq Vəfa Rəşidova deyir ki, rənglərin insan psixologiyasına təsiri böyükdür. İnsanın xarakteri ilə rəng seçimi üst-üstə düşür, şüuraltı o rənglərə qarşı meyllilik yaranır. Onun sözlərinə görə, Azərbaycanda əksəriyyətin tünd rəng seçimində kütlə psixologiyasının böyük rolu var: "Bir də uşaqlıqdan irəli gəlir bizə hansı rəngi sevdiriblər. Azərbaycanlı kişilər nə deyir? "Kişi qırmızı, sarı və yaxud da başqa rəng geyinməz". Nədir bu? Kütlə psixologiyasıdır, elə alışdırıblar. İndi bir az informasiya çoxalıb, insanlar modanı izləyir, xanımlar da fikrini bir az dəyişdi. Amma kişilərdə eyni qalıb".

Müsahibimiz deyir ki, tünd, xüsusilə də qara rəngi seçənlər daha çox ehtiraslı, sözündə ötkəm və sərt, dəyişikliyi sevməyən insanlardır.

Vəfa Rəşidova deyir ki, rəngarəng geyinmək kütləyə də müsbət enerji verir. Müxtəlif pozitiv əhval-ruhiyyə yaradan rənglər bəziləri isə şüuraltı problemlərdən xəbər verir: "Şux qırmızı rəng aqressiv insanların rəngidir. İnsan deyir ki, diqqət etmirəm, sadəcə, qırmızı rəngi sevirəm. Amma baxırıq xarakterinə, daha sərt və əsəbi insandır. Emosional insanlar daha şux rəngləri sevirlər. Bənövşəyi rəng elə bilirlər ki, rəngarəng rəngdir, pozitiv rəngdir, amma əslində psixologiyada çəhrayı rəng depressiya rəngidir. Sarı rəng istilik rəngidir, ana qayğısına və diqqətə ehtiyacı olan insanın seçimidir. Narıncı rəng daha emosional xanımların sevdiyi rəngdir. Yaşıl rəng çox gözəl, sakitləşdirici rəngdir".

Müsahibimiz deyir ki, rəngləri qarışdıran insanlar harmoniyanın içində yaşamağı, daha dinamik həyatı sevirlər. İnsanda fikir, xəyal qırıqlıqları olduqda isə uyuşmayan rəngləri qarışdıra bilir.ailə.lent.az