Meyit yuyanlar cəmiyyətdə bəlkə də bir çoxlarının məşğul olmağa cəsarət etmədiyi işi görür. İşləri dirilərlə yox, ölülərlədir. Ölünü yuyub, təmizləyib, kəfənləyib sonra əbədiyyətə yola salırlar.

Unikal.org xəbər verir ki, ARB TV-nin "Günün ardınca" proqramının aparıcısı Sevda Rəsulqızı da çəkiliş zamanı bu işi öz üzərinə götürərək "ölü" yuyub.

Bir çox insanın qorxub çəkindiyi bu peşə ilə isə illərdir məşğul olanlar da var. Salmanov Şaban da nə az, nə çox düz 35 ildir bu işlə məşğuldur.

Şaban Salmanov (meyit yuyan): "Uzun müddətdir ki bu işlə məşğul oluram. Milyon cür meyitlər olur. Qəzaya düşən var, özünü asan var, bıçaqlanan var, yolda ölən var, illərlə xəstə yatan var. Düzdür, əziyyətdir, amma ölü sahibləri qorxurlar. Mində bir nəfər yaxın durar. Ürəkləri götürmür".

Gözlər dolur, insanlar hüznlü olur burada. Hər cəsədin bir hekayəsi var. Ölü sahiblərinin yaxın durmadığı, əslində, çox çətin olan bu peşə sahiblərinin gəliri isə adətən ölü sahibinin insafına qalır.

Bir çox islam ölkələrində ölülərin yuyulması üçün xüsusi yerlər ayrılır, onlara xüsusi əməkhaqqı ayrılır. Bizdə isə hələlik bu işlə fərdi qaydada məşğul olurlar. Müəyyən iş saatı və xüsusi əməkhaqqısı olamayan bu sahədə çalışmaq istəyənlər isə getdikcə azalır.