BP-yə yeni prezident təyin olundu.

BP bu gün Qəri Counzun (Gary Jones) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunduğunu elan edir. Qəri öz yeni vəzifəsinin icrasına bu il aprel ayının 2-dən başlayacaq və BP-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.

Qəri hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.

Qəri Counz bu vəzifədə BP-nin regiondakı biznesinə 2012-ci ilin noyabr ayından uğurla rəhbərlik edən Qordon Birrelli əvəz edəcək. Qordonun yeni vəzifəsi isə Londonda BP-nin baş ofisində Baş Əməliyyat Rəhbəri olacaq və o, BP-nin hasilat, transformasiya və karbon üzrə işlərinə başçılıq edəcək.

BP-nin Baş İcraçı Direktoru Bob Dadli: "Qəri qlobal miqyasda təcrübəli bir neftçi və yetkin bir biznes rəhbəridir. BP-nin dünya üzrə quyularını idarə edən bölümünə uzun müddət başçılıq etmiş bir şəxs kimi o, bu yeni vəzifəyə Xəzərdəki əməliyyatlarımızla bağlı öz dərin texniki bilgilərini gətirir. Qəri BP-nin Rumeyla yatağı və Şimal dənizindəki yataqlar kimi bir sıra çox mühüm biznesini idarə etmişdir. BP Azərbaycanda öz 25-illiyini qeyd etdiyi bir vaxtda bizim qəti niyyətimiz bütün maraqlı tərəflərlə daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı biznesimizin uğurunu davam etdirməkdir. BP-nin yeni regional prezidenti kimi Qəri bizim uğurlu tərəfdaşlığımızı BP-nin burada idarə etdiyi bütün layihələrdəki böyük nailiyyətlərin üzərində quraraq davam etdirəcək.

Fürsətdən istifadə edərək mən həmçinin Qordona da BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki uğurlarının qazanılmasında rəhbərliyinə və bu işlərdəki qətiyyətinə görə öz təşəkkürümü bildirmək istəyirəm. Qordon regiondakı biznesimizə dörd ildən artıq rəhbərlik etmiş və hökumət, SOCAR və tərəfdaşlarımızla çox yaxşı əlaqələr və əməkdaşlığa əsaslanan çoxsaylı uğurlar və nailiyyətlər əldə etmişdir.

Mən Qəriyə və Qordona yeni vəzifələrində uğurlar diləyirəm.

Redaktorlar üçün qeydlər:

1. Qəri Counz (Gary Jones)

Qəri Counz 30 ildən artıq iş təcrübəsi olan özünü təsdiq etmiş bir biznes rəhbəridir.

Qəri hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.

Qəri BP-yə 1981-ci ildə gəlib və indiyədək şirkətin qazma, əməliyyatlar və layihələr üzrə bir çox rəhbər vəzifələrində çalışıb.
BP-də işləməyə başladığı ilk illərdə Qəri qazma və quyular üzrə bir sıra mühəndis və texniki vəzifələrdə çalışıb, o cümlədən Meksika Körfəzində dərinsulu əməliyyatlarda, Şimal dənizində, həmçinin Çin, Niderland və Afrikada çoxsaylı qazma əməliyyatlarında fəaliyyət göstərib.
Onun çalışdığı əsas rəhbər vəzifələrə BP-nin İraqdakı əməliyyatlarına Rumeyla yatağı üzrə baş icraçı menecer/əməliyyatlar üzrə vitse-prezident kimi başçılıq etmək, Rusiyada Verxneçonskoye yatağı üzrə layihə direktoru/prezident kimi əsas rəhbər vəzifə və BP-nin Şimal dənizindəki bizneslərində bir çox yüksək rəhbər vəzifələr daxildir.
Qəri Counz Birminqem Universitetinin məzunudur və kimya mühəndisliyi üzrə ixtisas dərəcəsi var.
Evlidir, iki oğlu var

2. Qordon Birrell (Gordon Birrell)

Qordonun neft və qaz sənayesinin hasilat və geoloji-kəşfiyyat (apstrim) sahəsində rəhbərlik və əməliyyatlar üzrə 30 il təcrübəsi var. O, karyerasının ilk dövrlərində Şimal dənizindəki biznesin həm dəniz, həm də qurudakı işlərində əməliyyatlar, mühəndislik və rəhbərlik üzrə müxtəlif vəzifələrdə çalışıb.

O vaxtdan bəri Qordon müxtəlif rəhbər vəzifələrdə çalışıb, o cümlədən Alyaska və Kanadada BP-nin hasilat əməliyyatlarına başçılıq edib, apsrtim icra aparatına rəhbərlik edib, apstrim bölümündə texniki sahə üzrə vitse-prezident olub, texniki təhlükəsizlik və əməliyyat riskləri sahəsinə rəhbərlik edib.

2012-ci ilin noyabr ayından Qordon BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentidir və bu vəzifədə BP-nin bu regiondakı bütün apstrim biznesinə rəhbərlik edir.

Qordon yüksək ixtisaslı mühəndisdir və Mühəndis-layihə və Texnologiya İnstitutunun üzvüdür.

Qordonun Uorik Universitetindən magistr dərəcəsi (MBA) və Heriot-Uott Universitetindən (Edinburq) elektrik və elektronika mühəndisliyi üzrə fəxri dərəcəsi var.

Evlidir, 3 oğlu var.