Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədr müavini Sun Tsin-vu ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyəti nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edən nazir müavini X.Xələfov Azərbaycanın Çinlə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

S.Tsin-vu təmsil etdiyi Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyəti nümayəndə heyətinin Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycanda səfərdə olmaqdan məmnunluq ifadə edib.

Xalq diplomatiyasının təşviqi istiqamətində Fond və Cəmiyyət arasında əməkdaşlıq təqdirəlayiq hesab edilib və bunun insanlararası təmasların artırılmasında əhəmiyyəti qeyd olunub.

Həmçinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Çin arasında siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədə olduğu qarşılıqlı şəkildə vurğulanıb. İki ölkənin Çinin "Bir Yol, Bir Dəhliz layihəsi çərçivəsində əməkdaşlıq imkanları qeyd olunaraq, Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri istiqamətində Azərbaycanın irimiqyaslı layihələr həyata keçirdiyi və vacib coğrafi məkana uyğun olaraq, güclü tranzit qovşaq infrastrukturu yaratdığı bildirilib.

Nazir müavini Azərbaycanın Vahid Çin siyasətini dəstəklədiyini bildirərək, Çinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrin qəbulunda BMT TŞ-nin daimi üzvü kimi oynadığı əhəmiyyətli roluna və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həll edilməsinə dair nümayiş etdirdiyi mövqeyinə görə təşəkkür etdi.

Öz növbəsində Tsin-vu Çinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin müvafiq qətnamələri və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə dair mövqeyini təsdiqləyərək, Azərbaycanın Vahid Çin siyasətini dəstəklədiyini yüksək qiymətləndirib.

Sonda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə birgə tədbirlərin keçirilməsi qarşılıqlı şəkildə dəstəklənib.