"AŞPA-nın komitə iclasının Bakıda keçirilməsi, hökumətlə müzakirələrin aparılması gələcək əlaqələrin inkişafından xəbər verir.

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında deyib.

O bildirib ki, qarşılıqlı əlaqələr bundan sonra inkişaf edəcək: "17 ildir, Azərbaycan AŞPA-nın tam hüquqlu üzvüdür. Azərbaycan tərəfi əlaqələrin inkişafında maraqlıdır".

V.Ələsgərov qeyd edib ki, əlaqələr qarşılıqlı hörmətə əsaslanmalıdır. Milli Məclisin sədr müavini bildirib ki, Azərbaycanın torpaqları işğal olunub, 1 milyon qaçqın və məcburi köçkünü var: "Biz burada şikayətlənmirik, yardım istəmirik, sadəcə, həqiqətləri çatdırırıq. Dünyada qaçqın və məcburi köçkünün olmasını istəmirik. Dünya qaçqın və məcburi köçkünlərlə bağlı ciddi çağırışlarla üzləşib. Bu problemlərlə birlikdə məşğul olmaq lazımdır. Beş yüz milyon əhalisi olan Avropa İttifaqı 2 milyon qaçqının probleminin həll edilməsində çətinliklərlə üzləşib, amma 10 milyon əhalisi olan Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünün problemi ilə təkbaşına məşğul olur.