Avtomobilin içini yüklə doldurub, sərnişini arxa buferə mindirib. Çılğın və təhlükəli hərəkətin videosu Şamaxıda qeydə alınıb. Kadrlarda bir sərnişin "Niva markalı minik avtomobilinin arxa buferində yol gedir. Bəs belə sürücünü hansı cəza gözləyir.

Unikal.org xəbər verir ki, "Niva markalı avtomobilin içini yüklə doldurub, sərnişini də arxa buferində aparır.

Təhlükə o qədər böyükdür ki, buferin üzərində dayanıb əli ilə avtomobildən yapışmış şəxs hər an yıxıla bilər. Sürücü isə heç nə olmamış kimi yoluna davam edir. Görüntülər Şamaxı rayonundandır. Arxadan gələn başqa bir avtomobildən çəkilən kadrlarda 06 BD 731 nömrə nişanlı "Niva sürücüsünün kobud qayda pozuntusu görünür.

Sərnişinin öz həyatını təhlükəyə atıb neçə kilometr bu şəkildə getdiyi məlum deyil. Məlum olan odur ki, sürücünün yüngül əyləci sıxması, yaxud da başqa bir ani ehtiyatsızlığı onun yıxılması və arxadan gələn avtomobilin altına düşməsi ilə nəticələnə bilər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib ki, bu vəziyyətdə həmin sürücü sərnişindaşıma qaydalarını pozub. Ona görə də yol polisi tərəfindən 60 manat və 3 cərimə balı ilə cəzalandırıla bilər. Bununla yanaşı, "Nivanın sürücüsü yükü elə yığmalıdır ki, arxanı görə bilsin.

Xəzər TV-yə istinadən sözügedən videonu sizə təqdim edirik: