Pakistan Ali Məhkəməsi dini inkar edən məlumatların yayımına son qoymadığı təqdirdə ölkə ərazisində sosial şəbəkələrin bağlanması haqqında qərar qəbul edə bilər.

"Express Tribune qəzeti Ali Məhkəmənin hakimi Şaukat Aziz Siddikiyə istinadən yazır ki, martın 27-də keçiriləcək məhkəmədə Facebook-un ölkə ərazisində müvəqqəti bloka salınması ilə bağlı qərar qəbul oluna bilər. Artıq Facebook və digər sosial şəbəkələrin rəhbərlərinə bu haqda məlumat verilib. Facebook-un rəhbərliyi danışıqlar aparmaq üçün Pakistana nümayəndə heyəti göndərməyə hazır olduğunu bildirib, ancaq məsələni araşdırmaq üçün vaxt istəyib.

Xatırladaq ki, martın ortalarında Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif sosial şəbəkələrdən dini inkar edən məlumatların təmizlənməsi haqqında sərəncam verib. Baş nazir bildirib ki, dini, Allahı inkar edən, insanların dini duyğuları ilə oynayanlar qanun yolu ilə cəzalandırılmalıdır.