İki ildən çoxdur, erməni girovluğunda olan Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərov ağır xəstəlikdən sonra vəfat edib.

Unikal.org-un modern.az-a istinadən xəbərinə görə, bu barədə Dilqəm Əsgərovun yaxınları məlumat veriblər.

"Bu, təkcə Dilqəm və Sahib qardaşları üçün deyil, hamımız üçün böyük itkidir. Bu yaxınlarda xəstəxanada olarkən görüşmüşdük, mərd, qorxmaz, müdrik el ağsaqqalı idi. Torpaqlarımızın, doğma Kəlbəcərimizin azadlığına inamlı danışır, Dilqəmlə fəxr etdiyini deyirdi. Təəssüf edirik ki, Qardaşxan əmi həm vaxtsız, həm oğul nisgili, həm də torpaq dərdi ilə dünyasını dəyişdi. Bütün əzizlərinə, onu tanıyanlara dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq-deyə yaxınları bildiriblər.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə qurulub. "Məhkəmənin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.