Xəbər verdiyimiz kimi, mart ayının 23-də Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın eks millət vəkili öldürülüb. Kievdə otellərin birinin girişində vurularaq öldürülən Rusiyanın eks millət vəkili, 45 yaşındakı Denis Voronenkovun qanlı hadisə nəticəsində mühafizəçisidə yaralanıb. Mühafizəçi yaralanmasına baxmayaraq Voronenkovu qətlə yetirən cinayətkarı üzərində olan tapança ilə zərərsizləşdirməyi bacarıb. Unikal.org məsələnin aktuallığını nəzərə alaraq Azərbaycanda eks deputatların üzərində silah gəzdirmək hüququ varmı? məsələsini araşdırıb.

Bu barədə parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə unikal.org-a bildirib ki, Azərbaycan qanunverciliyinə görə, yalnız deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər: "İsətənilən deputat bunun üçün Daxili İşlər Nazirliyinə müraciət edir və məsələ hüquq müstəvisində həll edilir". 

Eks deputatlara gəldikdə isə A.Mirzəzadə deyib ki, onlar artıq bu statusa malik deyillər: "Eks deputatlar adi vətəndaşlar kimi təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən qorunur. Əgər onların həyatı təhlükəsi varsa hər kəs kimi onlarda polisə bu barədə məlumat verə bilər.

Deputat vurğulayıb ki, hazırda parlamentdə təmsil olunan həmkarlarının hansınınsa silahının olub-olmaması ilə bağlı məlumatlı da deyil.

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə unikal.org-a açıqlamasında vurğulayıb ki, eks deputatların da silah gəzdirməsi üçün qanunvericilikdə icazənin verilməsini məqsədə uyğun hesab edir. O bunun səbəblərini açıqlamasada bildirib ki, ümumiyyətlə dünyanın azad, demokratik ölkələrində silah gəzdirmək və yaxud silah almaq qanunla qadağan olunmayıb: "Hər kəs öz hərəkətlərinə görə cavabdehdir. Buna görə də burada problem görmürəm".

Bəs siz necə təhlükəsizliyiniz üçün silah gəzdirməyi özünüzə vacib bilirsinizmi sualımıza isə eks deputat belə cavab verib: "Özüm üçün silaha  ehtiyac görmürəm və heç gəzdirmək niyyətimdə yoxdur. Düşüncəmdə də belə bir şey olmayıb. Amma ehtiyac duymuramsa o demək deyil ki, bu olmamalıdır? Mənim ehtiyacım bu məsələni həll etmir. Ümumiyyətlə demokratik ölkələrində bu tip məsələlər hər zaman açıq olur".

DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov unikal.org-a deyib ki, Milli Məclisin deputatlarının xidməti silah gəzdirmələri qanunla qadağan olunmasa, da son illərdə silah gəzdirmək üçün müraciət edən olmayıb.

"Biz bu barədə dəfələrlə açıqlama vermişik. İndiyədək hansısa deputat xidməti silah əldə etməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etməyib. Bunu da onunla əsaslandırırlar ki, onlar Azərbaycanda özlərinə qarşı heç bir təhlükə hiss etmirlər. Ölkədə hüquq-mühafizə orqanları tərəfindən kriminogen duruma ciddi nəzarət olunur və millət vəkillərimiz buna ehtiyac duymurlar.

Qeyd edək ki, Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən "Xidməti və mülki silah haqqında Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Qanuna əlavələr edilib. Azərbaycan Milli Məclisinin deputatları qanunla xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq təlimatlandırılır. Millət vəkili Konstitusiyada və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Qanunda nəzərdə tutulduğu kimi yalnız həyat üçün təhlükə törədən xüsusi hallarda silahdan istifadə edə bilər.

Amid Əyyuboğlu