Dünyanın ən yaxşı milli komandası ünvanının sahibi dəyişir. 

Unikal.org-un məlumatına görə, FİFA reytinqinin aprelin 6-da açıqlanacaq yeni siyahısında lider dəyişikliyi olacaq.

Bunun indidən dəqiqləşməsinə DÇ-2018-in seçmə mərhələsinin martda keçirilən qarşılaşmaları səbəb olub. Bu gecə Boliviyaya 0:2 hesabı ilə uduzan Argentina zirvəni əldən verir.

Lionel Messi və komanda yoldaşları 2016-cı ilin aprelindən qərarlaşdığı taxtdan elə rəsmən apreldə salınacaq. Çünki 12 ay planetin 1-cisi olan cənubi amerikalılar martdakı siyahıda 1644-ə bərabər olan aktivini 1603-ə endirib. Çilini 1:0 hesabı ilə yenib, boliviyalılara uduzması 41 xal itkisi ilə nəticələnib.
Planetin ən yaxşısı adının isə Braziliyaya keçəcəyi dəqiqləşib. "Pentakampeonlar 1534-ə bərabər əmsalını 1661-ə qədər yüksəldib. 8 gündən sonra təsdiqini rəsmi cədvəldə tapacaq bu xal artımı Uruqvayı 4:1, Paraqvayı 3:0 hesabı ilə yenmək sayəsində gerçəkləşib.

Nəticədə 2010-cu il iyulun 14-də 1-ci pilləni əldən verən Braziliya təxminən 7 ildən sonra yenidən taxta çıxacaq. 81 aydan sonra reytinqə görə dünyanın ən yaxşısı olacaq "sambaçılar əzəli və prinsipial rəqibi Argentinanı mövqeyindən məhrum edir.
Siyahının 3-cü pilləsindəki Almaniyanın mövqeyi isə dəyişməz qalacaq. Son dünya çempionu İngiltərəni yoxlama oyununda 1:0, Azərbaycanı seçmə matçında 4:1 hesabı ilə yensə də 1443-ə bərabər hesabını 1464-dən çox qaldıra bilməyəcək.
Qeyd edək ki, yeni siyahıda hesabında 386 xal olacaq Azərbaycan yığmasının aprelin 6-dakı mövqeyi ilə bağlı təxminlər açıqlanmayıb. Amma 6 xal qazanan millimizin son siyahıda qərarlaşdığı 89-cu pillədə ciddi dəyişiklik olacağı gözlənilmir.