Evoğlu kəndi Ağdam rayonunun təmas xəttinə ən yaxın yerləşən yaşayış məntəqələrindəndir. Ermənistan hərbi birləşmələri tərəfindən rayonun digər cəbhəyanı kəndləri kimi bu istiqamətdə də atəşkəs rejimi tez-tez pozulur. Ötən ilin aprel ayında düşmənin artilleriya zərbələri nəticəsində Evoğlu kəndində 40-dək evə ziyan dəyib. Düşmənin təxribatlarına baxmayaraq, Azərbaycan əsgərinin aprel zəfərindən sonra kənd sakinləri yüksək əhval-ruhiyyədədirlər.

Unikal.org bildirir ki, AzərTac-ın müxbiri cəbhə kəndinin sakinləri ilə görüşüb, onların fikirlərini öyrənib. Kənd sakini Araz Quliyev ikinci qrup Qarabağ müharibəsi əlilidir. Ötən ilin aprel ayında düşmənin artilleriya atəşi zamanı onun da evi dağılmışdı.

Kənd sakini: Azərbaycan əsgəri ötən ilin aprel döyüşlərində düşmənə öz gücünü göstərdi
"Dövlətimizdən çox razıyam. Zərər dəymiş digər evlər kimi bizim evimiz də Prezident İlham Əliyevin Sərəncamı ilə bərpa edildi. Bu, dövlətimizin başçısının cəbhə bölgəsində yaşayan insanlara diqqət və qayğısının göstəricisidir. Ordumuza və Ali Baş Komandanımıza güvənərək doğma kəndimizdə yaşayır, təsərrüfatımızla məşğul oluruq. Azərbaycan əsgəri ötən ilin aprel döyüşlərində düşmənə öz gücünü göstərdi. Gec-tez işğal altındakı torpaqlarımızı geri qaytaracağıq. Bir müharibə veteranı kimi hər zaman Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etmək üçün döyüşə hazıram - deyə Araz Quliyev bildirib.

11-ci sinif şagirdi: İnanıram ki, kəndimizdən keçən yolla tezliklə Ağdama gedəcəyik

Evoğlu kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Mirzə Əmrahov digər həmyaşıdları kimi hər gün məktəbə gedib-gəlir. Onların evi də düşmənin atdığı mərminin partlaması nəticəsində tamamilə dağılmışdı. Hazırda ailəsi ilə onlar üçün inşa edilən yeni evdə yaşayır. Mirzənin ən böyük arzusu isə cəmi 10 kilometr məsafədə yerləşən Ağdam şəhərini görməkdir: "Ağdam şəhərinə gedən yol kəndimizdən keçir. İnanıram ki, biz bu yolla tezliklə Ağdama gedəcəyik.

Kənd sakinləri apreldə düşmənə layiqli cavab verən Azərbaycan əsgərinə
güvənərək öz adi həyatlarını yaşayırlar

Ağdam rayonunun təmas xəttinə yaxın məsafədə yerləşən digər kəndləri kimi, Evoğlu kəndində də əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Son illərdə kəndə gedən avtomobil yolu yenidən qurulub, qaz və elektrik problemi həll edilib, içməli su və telefon xətti çəkilib. Kənddə körpələr evi-uşaq bağçası üçün yeni bina inşa edilib. Bir sözlə, Evoğlu kəndində həyat öz axarı ilə davam edir. Sakinlər əkin-biçinlə, heyvandarlıqla məşğuldurlar. Onlar apreldə düşmənə layiqli cavab verən Azərbaycan əsgərinə güvənərək öz adi həyatlarını yaşayırlar.