Bakının Suraxanı rayonunda 146 nömrəli orta məktəbdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

Unikal.org xəbər verir ki, orta məktəbdən Trend-ə verilən məlumata görə, hadisə aprelin 3-də məktəbin hərbi hazırlıq dərsi zamanı baş verib: "Hadisə hərbi hazırlıq müəllimi Ramiz Şahmurovun gözü qarşısında baş verib. 1989-cu il təvəllüdlü Nizami Kərimov orta məktəbə gəlib və məktəbin 10-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Rəşad Novruzovla mübahisə edib. Mübahisə R.Novruzovun sinif yoldaşı olan qız üstündə baş verib. Məktəbə gələn N.Kərimov həmin qızı sevirmiş. Qızın sinif yoldaşı R.Novruzovla mübahisə edən N.Kərimov sonda özü ilə gətirdiyi bıçaqla ona xəsarət yetirib. Nəticədə R.Novruzov bud nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib".

Hadisə nəticəsində xəsarət alan R.Novruzovun hazırda səhhəti normaldır və o, bu gün xəstəxanadan evə buraxılıb.

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən N.Kərimov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb. Hadisə ilə bağlı məktəbin rəhbər işçiləri və şahidlər dindirilib.

***13:24

Bakıda məktəb şagirdi bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, N.İsmayılov 25 ünvanında yerləşən 146 nömrəli orta məktəbin həyətində baş verib.

Belə ki, Bakı şəhər sakini 1989-cu il təvvəllüdlü Nizami Kərimov orada təhsil alan 2001-ci il təvəllüdlü Rəşad Novruzovun bud nahiyəsindən bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.