Gəncə şəhərindəki mərkəzi univermağın rəhbəri Məzahir Bədirbəyli beynəlxalq axtarışa verilib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, onun barəsində dövlətlərarası axtarış elan edilib. M.Bədirbəyli xuliqanlıq (silah və ya silah qismindəki əşya ilə törədildikdə) maddəsi ilə təqsirli bilinir və məhkəmə ölkədən qaçdığı üçün onun barəsində İnterpol xətti ilə axtarış elan edib. Onun Azərbaycan dili ilə yanaşı rus dilini bildiyi qeyd edilib. Həmçinin iş adamının digər xarakterik əlamətləri barəsində açılmış bülletenə daxil edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi M.Bədirbəylini ölkədaxili axtarışa verib və onun dövlət sərhədlərindən kənarda olması dəqiqləşdikdən sonra İnterpol-a müraciət edilib.

Onu da qeyd edək ki, M.Bədirbəyli 1963-cü ildə Gəncədə anadan olub. Bir müddət Rusiyada fəaliyyət göstərən iş adamı daha sonra Gəncəyə gələrək univermağı özəlləşdirib. Azərbaycandan çıxdıqdan sonra onun yerinə yaxın qohumu ticarət mərkəzinə rəhbərlik edir.