Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Bakıdakı Hacı Cavad məscidi ilə bağlı yaranan vəziyyətə münasibət bildirib.

Unikal.org xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən S. Novruzov bildirib ki, bu ərəfədə ara qatmaq istəyən qüvvələr var.

"Özümüz də bu məsələlərə ayıq-sayıq yanaşmalıyıq. Jurnalistlər də bu məsələdə diqqətli olmalıdır. Bu barədə cəmiyyətə düzgün məlumat verilməlidir. Hacı Cavad məscidindən bir qədər aşağıda Təzə Pir məscidi var. İbadət etmək istəyirsənsə, oraya gedə bilərsən. Məscidin funksiyası ondan ibarət deyil ki, kimsə orada yığışıb hansısa qərarlar qəbul etsin, - deyə o vurğulayıb.

Bu il Azərbaycanda İslam Həmrəyliyi İli olduğunu xatırladan deputat qeyd edib ki, 57 müsəlman ölkəsindən nümayəndələr və dövlət başçıları ölkəmizə gələcək: "Azərbaycanda islamın ən gözəl modeli tətbiq olunur. 2500-dən artıq məscid fəaliyyət göstərir və bütün bunları görmək lazımdır.(apa)