IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yayım hüququ "Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) verilib.

Oyunların Əməliyyat Komitəsindən unikal.org-a verilən məlumata görə, bununla bağlı tərəflər arazında müqavilə bağlanılıb.

Razılaşmaya əsasən, AzTV və "İdman Azərbaycan" telekanalları Oyunlarla əlaqədar yayım materiallarından aşağıda qeyd olunan şərtlər əsasında eksklüziv istifadə hüququna malik olacaq:
- Müvafiq olaraq 12 mayda və 22 mayda Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış mərasimlərinin canlı yayımlanması;

- Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram;

- Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması;

- Oyunlar haqqında iki saatlıq proqram.

Qeyd edək ki, 12 - 22 mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İslam Həmrəyliyi İdman Federasiyasının 4 qitədə yerləşən 57 üzv ölkəsinin hər birindən olan idmançılar iştirak edəcək. Onlar futbol, atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizə aparacaqlar.