Qəbələnin balaca pəhləvanı adlandırılan Fateh Bağırovun 6 yaşı var. O, qeyri-adi və təhlükəli hərəkətləri ilə çoxlarını təəccübləndirə bilir. Sındırılmış şüşələrin üstündə ayaqyalın gəzmək, başı ilə şüşələri əzmək, sonra onun üstünə uzanaraq qarnı üzərinə başqa bir uşağı çıxarmaq, qarnı üstündə çəkiclə çay daşı sındırmaq və s-¦ Bu təhlükəli hərəkətlərin sayını artırmaq da olar.

Azyaşlı uşaq üçün bu cür təhlükəli hərəkətləri xəsarətsiz başa vurmaq qeyri-mümkündür. Sınmış şüşələrin Fatehin bədəninə xəsarət yetirməməsi hamının marağına səbəb olur.

Qəbələ şəhərində yaşayan balaca pəhləvan bir ildir ki, idmanın cüdo növü ilə məşğuldur. Bu yaxınlarda Gəncədə keçirilən zona yarışında ikinci yeri tutaraq gümüş medal qazanan 6 yaşlı Fatehin ən böyük arzusu tanınmış pəhləvan və cüdo məşqçisi olmaqdır.

Unikal.org xəbər verir ki, Fateh Bağırov AZƏRTAC-a müsahibəsində deyib: "Mən şüşədən, daşdan qorxmuram. Başqa uşaqlar mənim etdiyim hərəkətlərdən qorxsa da o hiss məndə yoxdur. Şüşə məni kəsmir. İstəyirəm ki, tanınmış cüdoçu olum, çoxlu medallar qazanım.

"Qəbələ İdman Klubunun baş məşqçisi, idman ustası, Fatehin məşqçi müəllimi Rail İsmayılov bildirib ki, balaca pəhləvan həmyaşıdlarından fərqli olaraq, çox cəld və bacarıqlıdır, o, hər şeyi tez öyrənir. Bu uşağın qorxu bilməməsi həm də onun digər bir istedadını, pəhləvanlıq bacarığını üzə çıxarıb.

"İdman klubunda 100-dən çox idmançı cüdo ilə məşğul olur. Böyük uğurlarımız var, yetirmələrimiz yığma komandanın üzvləridir. Avropa kuboku yarışında mükafatçımız var. Fateh cüdo ilə bir ildir məşğul olmasına baxmayaraq, artıq yarışlarda fərqlənir. O, cüdoya olan həvəsi, həm də fərqli düşüncəsi və ağlı ilə seçilir. Eyni zamanda, Fateh bizim bacarıqlı pəhləvanımızdı. Fiziki göstəriciləri yaxşı olduğu üçün onun cüdoda uğurlu nəticə əldə edəcəyinə ümidvaram. Pəhləvanlıq bizim milli idman növümüzdür. Bu yaşda uşağın pəhləvanlıq etməsi, daş və şüşə ilə təhlükəli hərəkətlər yerinə yetirməsi möcüzədir.

Deyirlər ki, ot kökü üstə bitər. Balaca Fatehin atası və əmisi də idmançıdır. Onun pəhləvan kimi yetişməsində isə atasının böyük rolu var. Ümid edirik ki, müntəzəm məşqlər edən Fateh tezliklə daha böyük məkanlarda pəhləvan kimi öz məharətini göstərə biləcək.