Qanunsuz silah saxlayanlara qarşı tədbirlər davam etdirilir.

Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Vağzalı ərazisində, sərnişin qatarında Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Nəcəfovdan nömrəsi silinmiş "Makarov markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb. Bundan başqa Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri tərbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədovdan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron götürülüb.

Digər qanunsuz silah saxlanması ilə bağlı əməliyyat məlumatı Balakən RPŞ-yə daxil olub. Polis əməkdaşları tərəfindən şəhər sakini Çingiz Kantayevdən müvafiq sənədləri olmayan "İJ-16 markalı ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində Ağdam rayonunun Çəmənli kənd sakini Natiq Ağayev isə müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "İJ-16 markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.