Gürcüstan parlamentinin bu gün keçirilən iclasında deputatlar arasında qarşıdurma yaranıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin hesabat çıxışı zamanı "Vətənpərvərlər İttifaqından olan Emzar Kvitsiani və "Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Giqa Bokeriya arasında mübahisə baş verib.

Toplantının açıq və ya qapalı keçirilməsi barədə müzakirələr zamanı "Vətənpərvərlər İttifaqından olan E. Kvitsiani bildirib ki, "xarici rezident Giqa Bokeriya burdadırsa, iclasın açıq və ya qapalı olması fərq etmir. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. G. Bokeriyanın üzərinə yeriyən E. Kvitsiani digər deputatlar tərəfindən dayandırılıb. O, öz yerindən Bokeriyaya tərəf qələm və su atıb.

Daha bir qarşıdurma deputat otağında baş verib. Bu dəfə hakimiyyətdəki "Gürcü Arzusundan Vano Zardiaşvili və "Avropalı Gürcüstandan Georgi Kandelaki mübahisə ediblər. Mübahisə zamanı G. Kandelakinin atdığı külqabı onun öz partiya yoldaşı Otar Kaxidzenin başına dəyib. Nəticədə O. Kaxidzenin başı yarılıb. O, həkimə aparılıb.