Təhsil Nazirliyi tərəfindən 3 ay öncə Dövlət İmtahan Mərkəzinə (DİM) IX sinifdə təhsil alan rus bölməsinin şagirdləri üçün "Azərbaycan dili fənninin buraxılış imtahanları fənlərinin siyahısına daxil edilməsi barədə təklif daxil olub.

Unikal.org-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

M.Abbaszadə deyib ki, IX siniflərdə buraxılış imtahanlarında "Xarici dil fənninin olması hələ 2014-cü ildən müzakirə edilir: "2014-cü ildən Təhsil Nazirliyinin təklifi əsasında Xarici dil fənnini XI siniflər üzrə buraxılış imtahanları fənləri sırasına daxil etdik. O zaman nəticə xoşagələn deyildi. Ona görə də IX siniflərdə bunun tətbiqini nazirliyin təklifi əsasında dayandırmışdıq. Bu il onlar bu təklifi yenidən gündəmə gətirsələr, biz xarici dil fənnini IX siniflər üzrə buraxılış imtahanı fənlərinin sırasına daxil edəcəyik. Bizim 2014-cü ildən ümumi təklifimiz bundan ibarətdir ki, buraxılış imtahanları fənlərinin sayını artıraq. Amma yəqin ki, bu il və gələn il şagirdlər üçün buraxılış imtahanlarında hər hansı bir dəyişiklik olmayacaq".

M.Abbaszadə deyib ki, builki buraxılış imtahanının keçirilməsi qaydaları artıq məlumdur: "Gələn ilki imtahanlarda da elə bir dəyişiklik olmayacaq. Əsas dəyişikliklər - fənlərin sayı və imtahanların formatı ilə bağlı dəyişikliklər isə yalnız 2 ildən sonra kurikulum əsasında təhsil alan XI sinif şagirdlərinə tətbiq ediləcək".