ATV kanalında yayımlanan "İdeya Qazandı" verilişinə qatılan gənc öz layihəsini təqdim etməyə çalışarkən münsiflər heyyəti tərəfindən gülüş hədəfinə çevrilməsi cəmiyyətdə və o cümlədən elektron mediada bir mənalı qarşılanmayıb. Kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası onların gülüşünə səbəb olub. Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən ATV-nin sözçüsü Turan İbrahimov sözügedən verilişin görüntülərinin konteksdən çıxarılaraq saytlarda yayımladığını deyib: "Bütövlükdə verilişin abu-havası, ordakı müəyyən reaksiyalar, anların ümumi təfsilatı başqa cür olur. Müəyyən bir məqamı ümumi konteksdən çıxaranda təbii ki, başqa cür görünür. Amma bütün bunlara baxmayaraq bu veriliş vasitəsi ilə gənclərin ümidlərinin doğruldulması ilə bağlı gözləntilər var. Oradakı gənclərin ciddi və ümidli olaraq təqdim etdiyi layihələr nə qədər primitiv olursa olsun, daha hörmətlə və ciddi yanaşmaq lazımdır.

O baxımdan verilişin içi konteksdən çıxarılanda bu şəkildə kimlərdəsə hansısa ikrah hissinin oyanması və tənqidlərə məruz qoyulması anlaşılandır. Verilişin içərisindən hansısa hissəni götürüb maqqaşla çıxarmaq, bunu kanala və ya hansısa məsələyə yönəltmək ancaq və ancaq qısqanclıqdır. Buna başqa hansısa ad vermək olmaz.
T.İbrahimov həmçinin qeyd edib ki, sözü gedən veriliş iki il bundan əvvəl prodakşın tərəfindən çəkilib. 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Paşa Bank ASC və Youth İNC proqramı tərəfindən dəstəklənən "İdeya Qazandı" verilişi ATV-nin efirində yayımlanır. Layihənin məqsədi 16-35 yaş arası gənclərin ideyalarına dəstək olmaqdır.