"Daxili və gəlmə turizmə əlavə stimul yaratmaq, yerli istehsalı və sahibkarlığı hərəkətə gətirmək, qeyri-neft sektorunun yeni yolla canlanmasına nail olmaq məqsədilə Bakı şəhərində və Azərbaycanda bir neçə yeni turizm layihəsi həyata keçirilir. Bunların sırasında Sizin tapşırığınız əsasında Novruz bayramı ərəfəsində və hazırda Sabir bağı ərazisində, Köhnə qala divarlarının yanında və İçərişəhərdə davam etdirilən, ölkəmizin zəngin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini, bir növ tarixi-milli kimliyimizi əks etdirən yarmarka təşkil olunub. Bu yarmarkanın vətəndaşlarımız və turistlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandığı nəzərə alınaraq, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə də davam etdirilməsi nəzərdə tutulur".

Unikal.org xəbər verir ki, bu sözləriprelin 21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, oyunların keçiriləcəyi günlərdə turistlər üçün Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq:

"Muzey və qalereyalar Oyunlar zamanı ölkəmizdə olan turistlərə daha uzun müddətdə xidmət göstərməsi üçün iş rejimlərini müvəqqəti uzadılmış şəkildə həyata keçirəcəklər.

Müvafiq qurumlarla, təhlükəsizlik, nəqliyyat təşkilatları ilə əldə olunmuş razılığa əsasən, Oyunların keçiriləcəyi günlərdə turist avtobusları müəyyənləşdirilmiş "şəhər turu marşrutu üzrə paytaxtımızın qonaqlarına öz xidmətlərini təqdim edəcək.

Turistlərin suallarını cavablandırmaq, onlara lazımi köməyin operativ şəkildə həyata keçirilməsi məqsədilə könüllülərdən ibarət "Ask me - Məndən soruş layihəsi təşkil olunacaq. Bu gənclər kütləvi yerlərdə fəaliyyət göstərəcəklər.

Oyunlar zamanı ölkəmizə təşrif buyuracaq turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi informasiyanın verilməsi, müvafiq köməyin göstərilməsi, bir növ ilkin bələdçilik funksiyasını yerinə yetirmək məqsədilə Bakı şəhərində yerləşən əsas mehmanxanalarda növbəli qrafik əsasında fasiləsiz fəaliyyət göstərən qərargahlar yaradılacaq.

Qeyd etmək istərdim ki, "Go-map naviqasiya sistemi təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Bu naviqasiya sistemi vətənimizin qonağı olan hər bir kəs üçün elektron xəritə üzərindən virtual bələdçilik vəzifəsini yerinə yetirəcək. Məlumat vermək istəyirəm ki, bu gün "Go-map sistemindən gündə 25 min nəfər istifadə edir".