Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən, 60 və 82 millimetrlik minaatanlardan (cəmi 15 mərmi) da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

Unikal.org Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan ordusu Noyemberyan rayonunun Berdavan, Barekamavan və Dovex kəndlərində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.

İşğalçılar Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.