ATV-də "İdeya Qazandı verilişinə qatılan gənc öz layihəsini təqdim edən zaman münsiflərin onu lağa qoyması əks olunan video sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.

Unikal.org həmin gəncin kimliyini araşdırdı. Məlum oldu ki, verilişdə qonaq olan gənc Orxan Fəxrəddinov YAP-ın Gənclər Təşkilatının sektor müdiri vəzifəsində çalışıb. O.Fəxrəddinov gənc olmasına baxmayaraq YAP-ın fəal üzvlərindən biridir və o, YAP Gənclər Birliyi baş ofisində lahiyələr üzrə sektor müdiri vəzifəsinədək yüksəlib. Orxan həmçinin "Gənc Biznesmen layihəsinin rəhbəridir.
Hazırda hərbi xidmətdə olan O.Fəxrəddinov bu ilin iyul ayında hərbi xidməti başa vuracaq.

Hərbi xidmətddə olan Orxanın münasibətini öyrənə bilmədiyimiz üçün atası Elçin Fəxrəddinov unikal.org vasitəsi ilə məsələyə aydınlıq gətirib.

O bildirib ki, oğlu ATV-də "İdeya Qazandı verilişinə münsiflər tərəfindən məsxərəyə qoyulub:

"Verilişi lağ-lağaya çeviriblər. Gülürdülər. Mənim oğlum Orxan da o, hadisədən sonra verilişin təşkilatçılarına və münsiflərə öz ciddi narazılığın bildirib. Oğlum onlara təqdim etdiyi layihəni gülüş hədəfinə çevirməmələrini bildirib. Vurğulayıb ki, siz mənim adımdan reytinq qazanmaq üçün bu addımı atır və yayıma vermək istəyirsiz. Onlar mənim oğlumu əmin ediblər ki, verilişdə baş verən olayları yayıma verməyəcəklər. Orxan bu verilişə nifrət elədi. Həmin verilişdə mənim oğlumu "mandraja salıb, pis vəziyyətə qoydular. Ona qarşı yanlış addım atdılar. Mənim də valideyin kimi pisimə gəlir.

Orxanın atası deyib ki, bir az əvvəl böyük qardaşı bu haqda ona məlumat da verib: "Böyük qardaşım, Orxanının əmisi biraz əvvəl mənə zəng edərək Orxan haqqında ATV-də yayımlanan xoşagəlməz verilişin saytlarda müzakirəsi barədə də məlumat verdi. Hesab edirəm ki, verilişdə bu cür hallara yol vermək düzgün deyil.

Elçin müəllim həmçinin vurğulayıb ki, Orxan çox savadlı gəncdir: "Oğlum YAP-ın üzvüdür. Onun bir-neçə qrant layihələri baş tutub və tədbirlər keçirib. O çoxlu sayda layihələr təqdim edib. Azərbaycanda nazirlər, gənc fəallar onu yaxşı tanıyır və hörmət edirlər.

E.Fəxrəddinov həmçinin əlavə edib ki, oğlu öz savadı hesabına Türkiyənin məşhur Universitetlərinin birinə magistraturaya qəbul olunub: "Amma Orxan birinci Vətən borcunu vermək üçün hərbi xidməti seçdi. Bildirdi ki, Vətən borcu irəlidir və hərbi xidmətə getdi. İnşallah qayıtdıqdan sonra layihələrinin icrasını həyata keçirəcək və Türkiyədə təhsilini davam etdirəcək. Bu onun qarşısında olan əsas planlardır.