Allah Təala Quranda buyurur: "(Allah) buyurdu: "Ey İblis! Sənə Mənim Öz əlimlə (vasitəsiz olaraq Öz istəyimlə) yaratdığıma səcdə etməyə nə mane oldu?". Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən? Dedi: "Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan (od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılan daha yaxşı olacaqdır)". ("Sad" 75-76).

Unikal.org deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) "Nəhcul-bəlağə"də buyurur: "Şeytan Adəmə (ə) onun torpaqdan xəlq olduğu üçün lovğalanır. Öz əslinin atəşdən olmasına söykənərək, təəssübkeşlik və qürur edir. Ona görə də şeytan Allahın düşməni, təəssübkeşlərin rəhbəri, təkəbbürlülərin başçısıdır. Əyninə böyük bir libas geyindi və təvazökar libasını əynindən çıxartdı. Məgər görmədinizmi ki, Allah təkəbbürə görə necə onu alçaltdı? Göylərdə uçduğu üçün onu xar və alçaq etdi?". (Tebyan)

Bəli, bu ayə və hədisdən belə nəticəyə gəlmək olur ki, şeytan (lən) məhz təkəbbür və özündən razı olduğu üçün bu alçaq məqama süqut edir. Ona görə də o gündən sonra özündən razı olmaq, lovğalanmaq şeytanın əlində bir silaha çevrildi və onun vasitəsilə çox sayda Allah bəndəsini yolundan azdırdı və İlahi qürb məqamından uzaqlaşdırdı.

Çox təəssüf ki, insan ictimai və siyasi meydana qədəm basan zaman bu silahla üzləşir. Şeytanın rənginə boyanmağa başlayır. İstər rəbbani alim olsun, istərsə də siyasətçi. Nə zaman bu insanlar özlərini başqalarından üstün görərlər, şübhəsiz ki, şeytanın bu tələsinə düşərlər.

Bu zaman Allah şeytana dediyi bu sözləri ona da deyər: "(Allah) buyurdu: "Belə isə oradan(göylərdən, mələklərin içindən və İlahi dərgaha yaxınlıq məqamından) xaric ol ki, sən həqiqətən qovulmuşsan!"". ("Sad" 77).

Yəni, hər kəsdə bu xəbis sifətlər olar, İlahi rəhmətdən məhrum olar. Ona görə də hər bir möminin vəzifəsi budur ki, qəlbinə nəzarət etsin və ona təkəbbür və lovğalığı buraxmasın və dualarında İmam Səccad (ə) kimi desin: "Məni Öz bəndəliyinə götür və ibadətimi təkəbbür və qürurla məhv etmə".