Bakıda sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə 20 yaşlı qızı vuraraq öldürən şəxsin məhkəməsi başlayıb. Hakim qarşısına çıxarılan 38 yaşlı şəxs əməlindən peşman olduğunu və sərxoş olduğu üçün sükan arxasında yatdığını etiraf edib.

Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Qaybalıyev Tahir Bilal oğlunun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Tahir Qaybalıyev ötən il oktyabr ayının 2-də Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib.

Gəncə prospektindən üzü Ukrayna dairəsinə doğru hərəkət edən Tahir Qaybalıyev idarə etdiyi "Mercedes markalı avtomobil ilə yolu keçmək istəyən piyada 20 yaşlı Səriyyə Əliyevanı vurub. Araşdırma zamanı məlum olub ki, T.Qaybalıyev qəzanı törədən zaman sərxoş olub.

İttihamda yazılır ki, qəzanı törədən T.Qaybalıyev hadisə yerindən qaçıb. Daha sonra Qaybalıyevi polis əməkdaşları saxlayıb. Bildirək ki, qəza zamanı ağır xəsarət alan Səriyyə Əliyeva 4 gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məhkəmədə sərbəst ifadə verən Qaybalıyev törətdiyi əməli etiraf edib və özünə heç bur halda haqq qazandıra bilməyəcəyini söyləyib: "Nə deyə bilərəm? Bir hadisədir olub. Səhvimi başa düşürəm. Nə desəm, nə danışsam mənasızdır. Amma bircə məsələni qeyd edim ki, hadisə yerindən qaçmaq məsələsini başa düşə bilmirəm. Çünki mən o qədər sərxoş idim ki, adam vurduğumu bilməmişəm. Sadəcə səs eşitdiyimi xatırlayıram".

Məhkəmədə məlum olub ki, Qaybalıyev qəzanı törədəndən 25 dəqiqə sonra Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb.

Hakim Rahib Salmanov təqsirləndirilən şəxsə sual verərək hadisədən nə qədər əvvəl içki qəbul etdiyini soruşub. Qaybalıyev isə deyib ki, dostları ilə bir neçə saat yeyib-içiblər. Nə qədər içdiyini xatırlamadığını deyən Qaybalıyev maşınına necə mindiyini də xatırlamadığını söyləyib.

Hakim növbəti sualında Qaybalıyevdən niyə bu halda sükan arxasına keçdiyini və dostlarının niyə buna icazə verdiyini soruşub.

Qaybalıyev cavabında deyib: "Cənab hakim, mən günahkaram, düzdür. Amma inanın necə maşına mindiyimi bilmirəm. Amma sükan arxasında yatmışam. Bunu xatırlayıram. O qədər içmişdim ki, yuxu məni tutub. Səs eşidib oyandım. Sonra da yola davam elədim. Ayıq sürücü çağırmağı o an düşünəcək halda deyildim. Dostlarımın da məni bu halda buraxmasına gəlincə, onlar da elə mən halda olublar. Yoxsa mən indi burada olmazdım".

Daha sonra məhkəmədə mərhumun hüquqi varisi kimi tanınan anası Şəhla Ağahüseynova ifadə verib. Göz yaşlarını saxlaya bilməyən ana deyib ki, qızının ölümünə səbəb olan şəxsə ən ağır cəza verilməsini istəyir. Özünü narahat hiss etdiyi və ağladığı üçün ifadə verməkdə çətinlik çəkən Ş.Ağahüseynovadan istintaqa verdiyi ifadəsini təsdiq edib-etmədiyi soruşulub.

İfadəsini təsdiq edən Ş.Ağahüseynova qısa çıxışında deyib: "Heç olmasa maşını saxlayardı. Bu qədər insafsızlıq olar? Ətrafda olanlar xəstəxanaya çatdırıb. Gül kimi balamı 20 yaşında məndən aldı".

Qeyd edək ki, qəzanı törədən 39 yaşlı Qaybalıyev subaydır və bu, onun ilk məhkumluğudur.

Növbəti məhkəmə prosesi mayın 1-nə təyin edilib.

Bildirək ki, qəzanı törədən Tahir Qaybalıyev Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozama) və 264-cü (yol-nəqliyyat hadisəsi zamanı yerindən qaçma) maddələri ilə təqsirli bilinir.