Bir neçə il bundan əvvəl Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin rəhbəri Məhərrəm Əliyev Lider Tv-yə verdiyi müsahibə zamanı dövlətin fermerlərə göstərdiyi qayğıdan danışıb və subsidiya sözünü "Stupitsa kimi işlətməsi böyük səs-küyə səbəb olub.

Bir neçə il keçməsinə baxmayaraq video hələ də sosial şəbəkələrdə müzakirə olunur.

Məsələ ilə bağlı Unikal.org məşhur videonun "qəhrəman"ı ilə əlaqə saxlayıb. M.Əliyev fikirlərinin gülüş obyektinə çevrilməsinə münasibət bildirib: "Bu müsahibəni 4 il bundan əvvəl vermişəm. Mən orada səhv elədim və öz səhvimi də bilirəm. Məndən müsahibə alan şəxsi məhkəməyə də verə bilərdim. Bizim layihəmiz var idi. Sözügedən ərazidə həmin o layihənin həyata keçirilməsi üçün bir sıra məhsullar əkmişdik. Müsahibə verən zaman qoyunlar əraziyə girdi və "karıxdığım" üçün bu fikri səsləndirdim. Amma bunun lağa qoyulmasının əleyhinəyəm. Səhvimi başa düşürəm və özüm də bunu etiraf edirəm. Hesab edirəm ki, müsahibə zamanı hər hansısa pis iş görüb, əxlaqsız fikir bildirməmişəm. Özüm uzun illər kolxoz sədri vəzifəsində çalışmışam. Öz sahəmi yaxşı bilən mütəxəssislərdənəm.

M.Əliyev hazırda dövlət başçısının kənd təsərrüfatı sahəsinə göstərdiyi qayğı və diqqətdən də söz açıb: "Ölkə başçısının bu sahəyə xüsusi diqqət göstərməsi çox sevindiricidir. Xüsusən ölkə başçısının pambıqçılıqla bağlı verdiyi tapşırıq və tövsiyyələri yerlərdə yüksək səviyyədə həyata keçirilməkdədir. Özümüz də hektarla pambıq, soya və tərəvəz məhsulları əkmişik. Həmçinin rəhbərlik etdiyim təşkilat rayonda fermerlərlə mütəmmadi olaraq təmas qurur və onlarla seminarlar təşkil edir. Həmçinin fermerlərə dəyərli məsləhətlər veririk. Rayonumuzda bu sahədə gözəl işlər aparılır.

Amid Əyyuboğlu