Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmən atı şərəfinə təşkil olunan cıdır yarışının qalibi olub.

Unikal.org Türkmən mətbuatına istinadən xəbər verir ki, 1,2 kilometr məsafəyə at yarışında prezidentdən başqa ölkənin 5 vilayətindən və Aşqabad şəhərindən daha 6 təcrübəli çapar iştirak edib.

Nəticədə Türkmənistan lideri məsafəni 1 dəqiqə 25 saniyəyə qət edərək qələbə qazanıb və yarışın mükafatına - "Toyota Land Cruiser Prado avtomobilinə layiq görülüb. Sonradan dövlət başçısı atçıların ehtiyaclarını nəzərə alaraq avtomobilin açarını kənd təsərrüfatı məsələləri üzrə vitse-prezident Esenmurad Orazgeldıyevə təhvil verib.

İppodromun direktoru bildirib ki, prezidentin Miras adlı axaltəki atını dövlət başçısının nəvəsi Kərimqulu Berdiməhəmmədov bəsləyib və yarışa hazırlayıb.
Qeyd edək ki, bir neçə il bundan əvvəl prezident at yarışlarında yıxılaraq ağır xəsarət alıb.