Şəmkir rayonunda məhkəmə zalından qaçan təqsirləndirilən şəxs Eşqin Murtuzov rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Unikal.org Xəzər TV-yə istinadən xəbər verir ki, Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, Eşqin Murtuzov dünən saat 17:30 radələrində istintaq hərəkətinin icra edildiyi yerdən mühafizə altından qaçaraq oranı özbaşına qanunsuz tərk edib. Qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Eşqin Murtuzov Şəmkir rayon məhkəməsinin zalının pəncərəsindən çıxaraq qaçıb.

Rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalinmaz tədbirlər nəticəsində Eşqin Murtuzovun Seyfəli kəndi ərazisində gizləndiyi yer müəyyənləşdirilib və tutularaq istintaqa cəlb olunub. O, yanvar ayında Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, sürücü Namiq Babayevi bıçaqlayaraq, ona məxsus avtomobili qaçırmışdı.

Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölmüşdü.