"Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi Rusiyanın Qarabağ münaqişəsinin həllində vasitəçilik roluna ciddi mənfi təsir göstərəcəyinə inanmıram. Hesab edirəm ki, bu təşkilatın bağlanmasının Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir bağlılığı yoxdur.

Bu fikirləri unikal.org-a müsahibəsində Azərbaycanının sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov deyib.

-ÜAK-ın bağlanması Azərbaycan-Rusiya arasında olan münasibətlərin bəzi məsələlərdə böhran vəziyyətində olmasna bir işarədir. Yəni, Qarabağ mövzusu ilə bağlı Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun bəyanatı, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Azərbaycan jurnalistlərini təhqir etməsi və digər bu kimi məsələlər bir növ tendensiyadır. ÜAK-da buna daxil olan məsələdir. Sergey Lavrovun Qarabağla bağlı xoşagəlməz bəyanatına Azərbaycan daha sərt reaksiya verməli idi. Təəssüflər olsun ki, bu baş vermədi. Bəlkə də bu digər addımların qarşısını ala bilərdi.
Doğrusu hesab edirəm ki, Rusiya və Azərbaycan arasında bəzi problemlər mövcuddur. Rusiya tərəfindən Azərbaycana təzyiqlər bu və ya digər şəkildə özünü biruzə verir.

-Təzyiqlər nədən ibarətdir?

-Hesab edirəm ki, bəzi məsələlərə aydınlıq gətirildikdən sonra bunu daha aydın ifadə etmək mümkündür. Öncə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qapılar arasında aparılan danışıqların məğzi açılmalıdır. Tarixə baxsaq görərik ki, Ermənistan müstəqillik qazandıqdan sonra Rusiya işğalçı ölkənin təhlükəsizliyini təmin edəcəyi ilə bağlı öhdəlik götürdü. Öncə Rusiyan Ermənistanda hərbi baza qurdu. Guya ki, bu, xaricdən gələn hər hansı bir təhlükənin qarşısını alamaq üçündür. İkinci mərhələdə Ermənistan Azərbaycan arasında münaqişə yaşandıqdan sonra Rusiya ATƏT-in Minsk Qrupu və öz öhdəlikləri çərçivəsində onların təhlükəsizliyini qoruyacağını üzərinə götürdü. Artıq üçüncü mərhələdə, Aprel döyüşlərindən sonra Rusiyanın müxtəlif bəyanatları və hərəkətləri onu göstərdi ki, onlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin də təhlükəsizliyinə nəzarət edirlər. Bu döyüşlərdən sonra Rusiya Ermənistana "İskəndər silahını verdi və işğalçı ölkə tərəfi danışıqlardan imtina etdi. Onlar Azərbaycanın işğaldan azad etdiyi torpaqlarını öz sərhəddi sayır və guyaki Azərbaycan onların torpaqlarını işğal edib. Bu gülünc təəssüratdır. Ermənistan deyir ki, Azərbaycan əvvəlki mövqeyinə qayıtsın və bundan sonra danışıqları bərpa edək. Bu və ya digər şəkildə Rusiya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının təhlükəsizliyinə də təminat verir. Bu qəbuledilməzdir və hesab edirəm ki, belə məsələlərə aydınlıq gətirilməlidir.

-Onda belə çıxır ki, Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı heç vaxt Azərbaycanının xeyrinə addım atmayacaq?

-Bilirsiniz, mən yuxarıda tarixi prossesləri göstərdim. Vurğuladım ki, Rusiya əvvəl Ermənistanın sərhədlərinə kimi təhlükəsizlik təminatı həyata keçirirdi. Hazırda Dağlıq Qarabağı da öz öhdəliyinə götürüb. Təbii ki, Rusiyanın bu məntiqi Azərbaycanının maraqlarına tamamilə ziddir. Bu getikcə iki ölkə arasında böhrana gətirib çıxara bilər. Ermənistanın təhlükəsizliyini başa düşdük. Ancaq Rusiyanın Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin qorunmasını öz öhdəliyinə götürməsi başa düşülən deyil. Rusiya işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılmasında ciddi vasitəçi olmalı və münaqişənin həllinə köməklik göstərməlidir. Aprel döyüşlərindən sonra Rusiyanın bu məsələdə iç üzü tamamilə açılıb və bizə təzyiq göstərilməkdədir. Deyilir ki, sizin artıq Dağlıq Qarabağ məsələsində suverenlik məsələsi şübhə altındadır. Yəni Lavrovun son bəyanatı da məhz bunu göstərir. KTMT-nin sabiq baş katibi Nikolay Bardyujanın məsuliyyətsiz bəyanatı, Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, Ermənistan ordusunun general-mayoru Andranik Makaryannın "Erməni-rus qoşun qruplaşmasını Qarabağa yeritsəm Putin mənə dayan əmri verə bilməz" fikri çox ciddi açıqlamalardır. Andranik Makaryanın açıqlaması da Rusiya adından olan bəyanat idi. O, Rusiyanın icazəsi olmadan bu açıqlamanı verə bilməzdi. 

- Rusiya Azərbaycan arasında münasibətlər böhran həddinə çata bilərmi?

-Hesab edirəm ki, Rusiya Azərbaycan arasında problemlərə aydınlıq gətirilməlidir. Bundan sonra biz başa düşməliyik ki, şimal qonşumuz bizdən nə istəyir, məqsədləri nədir? Bunun əsasında Rusiyanın maraqlarını təmin eləmək üçün nə edə bilərik? Yaxud da qəbul etməlmiyik ki, bu bizim maraqlarımızdan kənardır və biz onu rədd eləməliyik. Yəni hazırda Rusiya Azərbaycan arasında ciddi siyasi problemlər mövcuddur və buna aydınlıq gətirilməlidir.
Cənab prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda təzyiqlərin bir hissəsini səsləndirib. O vurğulayıb ki, siz bilmirsiz danışıqlar zamanı bizə nə qədər təzyyiqlər olur. Hesab edirəm ki, bu halda Azərbaycan hakimiyyətinə ictimayyətin dəstəyi də lazımdır. Amma dəstək olmaq üçün bu məsələlərə aydınlıq gətirilməlidir. Yəni bizə təzyiq göstərən kimdir, hansı istiqamət üzrə bu göstərilir, doğurudan da belə olduğu təqdirdə münasibətləri belə davam edə bilərikmi? Bütün bu suallar yoxlanılmalıdır.